“242 Şuşa sakini ünvanlı sosial yardım alır ki, onlardan 76 –ı şəhid ailəsidir”

17 May 2017 [09:13]


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqətindədir. Qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” nın davamı olaraq Prezident İlham Əliyev "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı təsdiqlədi. Bu proqramların icrası nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbələrin salınmasına start verildi. 

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində bu günə qədər 95 müasir tipli qəsəbə, o cümlədən Bakıda və ölkənin müxtəlif regionlarında çoxmərtəbəli yaşayış evləri tikilərək istifadəyə verildi. Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı fərman imzalayıb. Ölkə başçısının bu sərəncamları digər məcburi köçkünlər kimi, Şuşadan olan məcburi köçkünləri də əhatə edib. 25 il öncə, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri böyük hərbi qüvvə ilə Şuşaya hücum edərək alınmaz qalanı, Azərbaycanın qədim mədəniyyət mərkəzini ələ keçirdi. 241 tarixi abidə, 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 6 karvansara, 2 mədrəsə, 2 qəsr və qala divarları, 9 tarixi-dini ziyarətgah və 5 mindən çox eksponatı olan Şuşa canlı muzeyi ermənilər tərəfindən dağıdılaraq viran qoyuldu. Bu gün işğalda olan Şuşanın əhalisi ölkənin 58 rayonunda məskunlaşıb. Şuşa Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Şuşa rayon əhalisinin sayı 33125 nəfərə çatıb. Onlardan 24137 nəfəri şəhər, 8988 nəfəri isə kənd əhalisidir.Rayon üzrə 100-ə yaxın şuşalı məcburi köçkün işlə təmin olunub. 2016-cı ilin 01 oktyabr tarixi vəziyyətinə əsasən məşğul əhalinin sayı 16010 nəfərdir. Onlardan 7260 nəfəri dövlət, 8750 nəfəri isə qeyri-dövlət sahəsində çalışanlardır. Bir vaxtlar çadır şəhərciklərində, sanatoriya və yataqxanalarda qalan şuşalılar indi müasir qəsəbələrdə yaşayırlar. Onlardan biri də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş "Yeni Şuşa”dır. Bu qəsəbə 2007-ci ilə qədər Xəzər rayonundakı "Zuğulba” sanatoriyasında, yaşayış üçün tam yararsız, heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün inşa edilib. 80 hektar ərazidə salınmış qəsəbənin tikintisinə 2006-cı ildə başlanılıb. 450 yaşayış evinin 90-ı birotaqlı (46,7 kvadratmetr), 222-si ikiotaqlı (63,1 kvadratmetr), 134-ü üçotaqlı (77,8 kvadratmetr), 4-ü dördotaqlı (91 kvadratmetr) mənzillərdən və hər biri 12 sot torpaq sahəsindən ibarət olub. 2007-ci ildə qəsəbəyə 1500 nəfərdən ibarət 450 ailə köçürülmüşdüsə, indi burada 1869 nəfərdən ibarət 576 şuşalı ailəsi yaşayır. Ümumilikdə isə qəsəbədə bu gün 3 min nəfərə yaxın məcburi köçkün məskunlaşıb. Burada iki məktəbin - Xankəndi şəhər 4 saylı tam orta məktəbin və Malıbəyli kənd 1 saylı tam orta məktəbin binaları, musiqi məktəbi, ambulatoriya, poçt şöbəsi, inzibati bina da var. 16 kilometr asfalt yol, 21 kilometr su, 19 kilometr elektrik, 27 kilometr qaz, 34 kilometr kanalizasiya və drenaj xətləri çəkilib. 400 və 250 kilovatlıq 10 ədəd və 10 meqavat gücündə 1 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb, həcmi 500 kubmetr olan iki su anbarı və bir nasosxana tikilib.
360 şagirdlik Malıbəyli kənd 1 saylı tam orta məktəbində hazırda 956 şagird, 300 şagirdlik Xankəndi şəhər 4 saylı tam orta məktəbində isə 750 şagird təhsil alır.Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsində vahid pəncərə sisteminin tətbiqi nəticəsində 2016-cı il 01 oktyabr tarixinə 1556 təşkilat qeydiyyatdan keçmişdir ki, bundan da 138-i hüquqi, 1418-i isə fiziki şəxslərdir. Qeydiyyatda olan təşkilatlardan 43 hüquqi və 295 fiziki şəxs fəaliyyət göstərir. 3927 nəfər pensiyaçıdan 1582 nəfəri yaşa, 2109 nəfəri əlilliyə, 236 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alırlar. 2016-cı ilin 9 ayı ərzində 107 nəfərə pensiya təyin olunub. Digər rayonlarda yaşayan Şuşa rayon sakinlərindən 10 nəfərin pensiya işi rayon şöbəsində uçota götürülmüşdür.Hesabat dövrü ərzində 97 aztəminatlı ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Bu ilin fevral ayının 15-dən sosial yardımlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzləşdirilmiş informasiya sistemi vasitəsi ilə elektron qaydada həyatat keçirilir. Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi üzrə yardım alanların ümumi sayı 319 aztəminatlı ailədən ibarətdir. Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən 2016-cı ilin 9 ayı ərzində 193 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, 34 nəfər müxtəlif sahələrdə işlə təmin olunub, 29 nəfərə işsizlik müavinəti təyin edilib. 47 nəfər qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədris Mərkəzində peşə hazırlığı keçmişdir. Şuşa Mərkəzi Rayon Xəstəxanası tərəfindən 2016-cı ilin 9 ayı ərzində 35632 nəfərin müayinə və müalicə işi aparılıb. Qeydiyyatda olan 273 nəfər (2015-ci ildə 256) şəkərli diabet xəstəsinə hər ay büdcə hesabına şəkərsalan dərmanlar və 35 nəfərə şəkər təyin edən aparatlar paylanmışdır. Gigiyena və Epidemiologiya Mərkəzi "Ramana-450” qəsəbəsində profilaktiki peyvənd işlərini, Pirşağı qəsəbəsində dezinfeksiya tədbirlərini təşkil edib. Poliklinikanın yerləşdiyi sahə genişləndirilmiş və hal-hazırda təmir işləri davam etdirilir. Şuşa rayonundan olan 7-14 yaş arası uşaq və yeniyetmələr Respublika Uşaq istirahət və Sağlamlıq Mərkəzində yay-istirahət düşərgəsində istirahətə göndərilmişdir. Rayonda vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına həssaslıqla yanaşılır. Onların təklif, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması, narahatlıq yaradan problemlərin öyrənilməsi və həlli istiqamətlərində operativ tədbirlər görülür. Vətəndaşlar tərəfindən qaldırılmış problemlərin çoxu həll olunmuş, müəyyən problemlərin həlli ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də bildirdilər ki, hazırda 242 Şuşa sakini ünvanlı sosial yardım alır: "Onlardan 76 –ı şəhid ailəsidir. Nazirıikdən bildirdilər ki, onların içərisində müharibə əlilləri, 1-ci, 2-ci qrup əlillər, prezident təqaüdçüləri də var. Şəhid ailələrinə bu gün 220 manat məbləğində ünvanlı sosial yardım verilir. Müharibə əlilləri və prezident təqaüdçüləri 143 manat məbləğində müavinətlə təmin edilir”.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərində Şuşa şəhərindən olan 763 məcburi köçkün yaşayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə şuşalı məcburi köçkünlərin də məskunlaşdığı qəzalı binalardan müasir yaşayış evlərinə köçürülməsi məsələsi müzakirə olunub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov da Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. Sanatoriyada Laçın rayonundan 62, Şuşa rayonundan 18, Zəngilan rayonundan 3, Ağdam rayonundan 3, Füzuli rayonundan isə 2 ailə məskunlaşıb. Ümumilikdə, sanatoriyada 297 məcburi köçkün məskunlaşıb. Əli Həsənov deyib ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirdiyi kimi, qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb, layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki "Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.Tikinti üçün də yerlərin artıq seçildiyini bildirən komitə sədri deyib ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub.

Mələk Eyvazlı











SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)