"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları günü 10 medalla başa vurublar. 

Unikal.org-un məlumatına görə, medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürünc əyarlı olub.

Qızıl medallara sərbəst güləşçi Hacı Əliyevlə (61 kq) Cəmaləddin Məhəmmədov (125 kq), eləcə də para-atletikanın T11 kateqoriyası üzrə uzununa tullanma yarışında Elçin Muradov yiyələnib.

Gümüş medalları sərbəst güləşçi Murtuzəli Müslümov (70 kq), zorxana komandası, 10 metrlik platformadan suya tullanma yarışında Artyom Danilov, para-atletikanın uzununa tullanma yarışında Kamil Əliyev əldə edib.

Bürünc medallara sərbəst güləşçi Şərif Şərifov (86 kq), para-atletikanın uzununa tullanma yarışında T11 kayeqoriyasında Zeyniddin Bilalov, T12 kateqoriyasında isə Oleq Panyutin sahib olub.

Bununla da Azərbaycanın aktivindəki medalların sayı 134-ə yüksəlib. Medallardan 66-sı qızıl, 39-u gümüş, 29-u bürünc əyarlıdır. Türkiyə isə 65 qızıl, 58 gümüş, 49 bürünc olmaqla, ümumilikdə 172 medal əldə edib. Beləliklə, Azərbaycan medal əyarında liderliyini qoruyub.