Erməni əsilli şəxs Azərbaycan vətəndaşlığına qəbul olunması üçün 2 ildir ölkənin məhkəmə sisteminə davamlı müraciətlər edir.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, atası azərbaycanlı olan Qazaryan Eduard Tapdıqoviç 2015-ci ildə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Xəzər Rayon Polis İdarəsi və Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldırıb.

O, RPİ-dən şəxsiyyət vəsiqəsi verilməsini, məhkəmədən isə Miqrasiya Xidmətinin onun vətəndaş sayılmaması barəsində verdiyi arayışın qanunsuz hesab edilməsini istəyib. Məhkəmə onun iddialarını mümkünsüz hesab edib. O, qərardan şikayət etsə də, apelyasiya instansiyasında qərar qüvvədə saxlanılıb.

E.Qazaryan növbəti dəfə 2016-cı ildə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bu iddiasında yalnız Dövlət Miqrasiya Xidmətini cavabdeh şəxs kimi prosesə cəlb edib. O, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması iddiasını irəli sürüb. Bu dəfə də aşağı instansiya məhkəməsi iddianı rədd edib. Erməni əsilli şəxs qərardan apellyasiya şikayəti versə də, hakim Ülvi Mayılov qərardadı dəyişməyib.

Qazaryan Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti belə verib. Ali Məhkəmə işi yenidən alt instansiya məhkəməsinə qaytarıb.

Hazırda iş üzrə proses hakim Həmid Həmidovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində davam etdirilir. Növbəti iclas mayın 25-də keçiriləcək.