Rusiya, Ukrayna və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri yandırılaraq məhv edilib.

Unikal.org xəbər verir ki, gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir. Bu istiqamətdə əlaqədar dövlət qurumları ilə aparılan işgüzar əməkdaşlıq nəzarət tədbirlərinin də effektivliyini artırıb.

Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nümunələr üzərində aparılan analizlərin nəticələri müvafiq tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və Azərbaycan ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatları müəyyən edilərək dövriyyədən çıxarılıb.

Rusiya, Ukrayna və Avropa ölkələrindən "Referans Pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma" və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 mln. 24 min 975,73 rubl, 15 min 339 avro, 92 min 233,60 dollar və 448 türk lirəsi dəyərindəki dərman vasitələri ekoloji poliqonda yandırılaraq məhv edilib.

Bakı Gömrük İdarəsinin baş inspektoru Rövşən İsmayılov jurnalistlərə açıqlaması zamanı bildirib ki, yandırılan ümumi dərmanların ümumi qiyməti 200 000 manat təşkil edib.