Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.

Unikal.org-un məlumatına görə, dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri sürətlə davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Belə ki, "Bombardier Transportation (Signal)" MMC Bakı-Tbilisi-Qars beynəlxalq dəhlizinin bir hissəsi olan Bakı-Böyük-Kəsik istiqamətində qatarların idarəetmə sisteminin modernləşdirilməsi layihəsi üzrə ilk addımlarını atıb.

Dəmir yolunun Soyuq Bulaq və Salahlı stansiyaları arasında sabit cərəyanlı dartı sistemi ilə işləyən ilk pilot sahəsi istismara verilib. Soyuq Bulaq-Salahlı mənzilində hər iki stansiya daxil olmaqla, yoldəyişənlər və işarəvermə qurğuları EBILock 950 markalı Mikroprossesor Mərkəzləşdirməsi ilə təchiz olunub.

Sistem qatarların təhlükəsiz hərəkətini və yüksək ötürmə qabiliyyətini təmin edir. Aparat və proqram baxımından MDB və Baltikyanı ölkələrin dəmir yollarında geniş yayılmış 1520 mm-lik standartlı iz üzrə istismara tam uyğunlaşdırılmış sistem həm sabit, həm dəyişən cərəyan dartı sistemində istifadə oluna bilər.

Qeyd edək ki, "Bombardier Transportation rels nəqliyyatı texnologiyaları üzrə dünya liderlərindən biridir. O, daşımalarda yeni standartlar yaradan innovativ məhsul və xidmətləri təmin edir. 60-dan çox ölkədə fəaliyyət göstərən "Bombardier Transportation şirkətinin mənzil-qərargahı Berlində yerləşir.

100 000-dən çox "Bombardier Transportation istehsalı olan hərəkət heyəti vahidi bütün dünyada istismar edilir.