Bir neçə gün öncə paytaxtda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org "ARB TV"-yə istinadən xəbər verir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Hadisə barədə danışan saxlanılan Ramid Rəhimov bildirib ki, həmin şəxs onu təhqir edib: "Səhər zəng elədi mənə, təhqir elədi məni. Dedim gəl haqq-hesabımızı edək, görək, kimin kimə nə borcu var. Gəldi, söhbətimizi elədik, təhqir elədi məni, 1-2 dənə sillə atdı mənə. Mən də girdim evə, hamamda gizlətmişdim. Atam rəhmətlikdən qalmışdı. Pəncərədən bir güllə atdım buna. Dəyməyinə əmin olmadığım üçün pəncərədən düşdüm, gördüm ki, əlini tutub boğazına, əli qanlı qaça-qaça gedir. Neçə illərdi bir yerdə işləyirik, onun mənə 3 min borcu var idi.

Hadisə barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bilgəh qəsəbə sakini Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.