Bakıda mənzil tikintisi ilə məşğul olan şirkətlərin ardı-arası kəsilməyən fırıldaqçılıq və dələduzluq əməllərindən şikayətlər səngimir. Belə tikinti şirkətlərindən biri, adı 4 ildir vətəndaşları aldatmaqda və pullarını mənimsəməkdə hallandırılan "İdeal-İ İnşaat" MTK və onun törəmə şirkətlərindən olan "İdeal V" MMC tərəfindən aldadılmış zərərçəkənlərin bir qrupu şikayətlə müraciət edib.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, zərərçəkmişlərin dediklərinə görə, onlar nağd pul ödəyərək, "İdeal V" MMC-nın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllənin Dilarə Əliyeva küçəsinə çıxan ərazisində inşa etdiyi binadan mənzillər alıblar. Lakin çox keçməyib ki, eyni mənzillərin bir neçə nəfərə satıldığının öyrəniblər.

Rəsmi sənədlərdə göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamının 9-cu bəndi ilə Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə bina tikintisinin aparlmasına icazə verilib. 2005-ci ilin mart ayında "Alyans Z" MTK ilə "İdeal V" tikinti şirkəti arasında müştərək fəaliyyətə dair müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, "İdeal V" podratçı qismində "Alyans Z" MTK-nın sifarişi ilə öz vəsaiti hesabına binanın tikintisinə başlayıb. Lakin sonradan "Alyans Z" MTK ilə "İdeal V" şirkəti arasında mübahisə yaranıb, sonuncu MTK-ya qarşı məhkəmə iddiası qaldırıb. Maraqlıdır ki, həm "Alyans Z", həm də "İdeal V" hələ tikintisi başa çatmayan binada mənzillərin satışına başlayıb.

Binadakı 41-ci mənzilin sahibi Anar Rzayevin sözlərinə görə, 2007-ci binanın inşasına başlanılıb, 2012-ci ildə tikinti yekunlaşıb. Amma 5 ildir mənzillərinin açarını ala bilmirlər. "2012-ci ildə şirkətin təsisçisi İsa Məmmədov və onun yaxın qohumu, şirkətin direktoru Çingiz Məmmədova müraciət edərək, mənzildə təmir işləri aparılması üçün icazə verilməsini istədik. Üstündən 5 il keçib, hər ay müxtəlif bəhanələrlə vaxtı uzadırlar. Son 2 aydır ki, ümumiyyətlə, bizimlə görüşməkdən yayınırlar", - zərərçəkmiş deyir.

Şikayətçilərdən biri isə əlavə edir ki, şirkətin dələduzluq əməlləri 13 mənzil sahibi ilə şirkət arasında yaranmış mübahisədən sonra ortaya çıxıb. Düz 5 ildir mübahisə davam edir və məhkəmə gedir: "Şirkət 13 mənzil sahibi ilə bağlı məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsinin ləğvini tələb edir. Guya ki, onların alqı-satqı əməliyyatında üçüncü şəxs, yəni makler iştirak edib. Makler pulu şirkətə tam ödəməyib. Sakinlər isə iddia edirlər ki, onlar pulu birbaşa şirkət rəhbərliyinə ödəyiblər və şirkətin dediyi makleri tanımırlar. Sadəcə olaraq, binanın özülü atılmadan mənzillər satılıb. Buna görə də, illərdir məhkəmə gedir, sakinlərə ödədikləri pul geri qaytarılmır".

Mənzil sahibləri əlavə edirlər ki, tikinti başa çatsa da, mənzillərin təhvil verilməməsi onları şübhəyə salıb. Bundan sonra binanın qarşısına telefon nömrələri yazaraq digər mənzillərin sahiblərini axtarmağa başlayıblar. Beləliklə, 35 mənzil sahibi bir yerə toplanıb, mənzil sahiblərinə verilən müqavilələr qarşılaşdırıldıqda bir mənzilin iki nəfərə satıldığının şahidi olublar.

Şikayətçilər iddia edirlər ki, 60 mənzil 90 nəfərə satılıb. Zərərçəkmiş Qvami Abbasov söyləyir ki, illərdir mənzil sahiblərinin siyahısını tələb edirlər. Bilmək istəyirlər ki, mənzillərin həqiqi sahibi kimdir.

Mənzil sahiblərinin əksəriyyəti "İdeal V" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə sahiblik, istifadə hüququnun bərpası və mənzillərin təhvil verilməsi tələbinə dair iddianı təmin edib. "Məhkəmənin qərarından sonra açarlar bizə təqdim olundu. "İdeal V" 30.01.2017-ci ildə mənzilin təhvil verilməsinə dair öhdəlik götürdü. Amma bu dəfə də başqa problemlə qarşılaşdıq", - bunu isə Anar söyləyir.

Mənzillərinin açarını əldə etməyi bacaran şikayətçilər bu dəfə də əsas qapının bağlı olduğunu görüblər. Bundan əlavə, binada işıq, qaz, su sistemi quraşdırılmayıb. "İşıq və su olmadan təmir aparmaq mümkün deyil. Buna görə də, sakinlər şirkətə kömək etmək üçün işıq sisteminin çəkilməsinə maliyyə yardımı təklif etdi. Amma şirkət bunu da rədd edir. Çünki mənzillərin təhvil verilməməsində şirkətin əsas bəhanəsi işıq sisteminin olmamasıdır. Fikrimizcə, şirkət mənzillərin bir neçə nəfərə satılmasının gizlədilməsi üçün vaxtı uzadır. Biz də mənzil sahiblərinin siyahısını buna görə tələb edirik", - Q.Abbasov söyləyir.

Binada mənzillərin qiymətinə gəldikdə isə, 2012-ci ilədək satılan mənzillərin dəyəri 185 min - 250 min manat arasında olub. Onu da əlavə edək ki, şirkətdən rəhbərliyin yerində olmadığını söyləyərək, məsələyə münasibət bildirməyiblər.