Artıq Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayı müsəlman dünyasında ən müqəddəs ay hesab olunur. Bu ayda insanlar oruc tutur, namaz qılır, savab işlər görməyə çalışırlar. Maraqlıdır, tanınmış insanlar arasında bu ayda oruc tutan, savab işlər görən varmı?

Unikal.org xəbər verir ki, AzVision.az bu suala cavab tapmaq üçün müxtəlif təqəbədən olan tanınmışlar arasında sorğu keçirib.

Xalq artisti, xanəndə Alim Qasımov deyib ki, hər il olduğu kimi bu ildə bir ay boyunca oruc tutacaq.

Deputat Çingiz Qənizadə isə səhhətindəki problemə görə oruc tuta bilmədiyini söyləyib. Millət vəkili, hətta bildirib ki, həkimlər ona oruc tutmağa icazə vermirlər: "Öd kisəm çıxarılıb, həkimlər oruc tutmağa icazə vermirlər.

Yazıçı Çingiz Abdullayev istəsə də oruc tuta bilmədiyini deyib: "Hər il bu ayda rayonlarda və ya xarici ölkələrdə səfərlərdə oluram. Ona görə də oruc tutmuram.

Xalq artisti, aktrisa Afaq Bəşirqızı də səhhətində problem olduğunu bildirib: "Səhhətində problem olan adamların oruclarının qəbul olunmadığını düşünürəm. Buna görə də oruc tutmuram.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova da səhhəti ilə bağlı oruc tutmayanlar sırasındadır: "Müalicəyə başlamışam. Ağır əməliyyat keçirmişəm. Özüm oruc tutmasam da, iftar süfrəsi verəcəyəm. Anamın, atamın adına quran oxutduracağam. Onsuz da hər axşam mən dualarımı oxuyub yatıram.

Şair Vahid Əziz: "Mədəm xəstədir. Oruc tuta bilmirəm. Kimin səhhəti yol vermirsə, ona oruc vacib deyil.

Bəstəkar Aygün Səmədzadə oruc tutmasa da, müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik etməyi özünə borc bilib.

Xalq artisti, müğənni Bilal Əliyev isə Kəbə ziyarətindən yenicə gəldiyini söyləyib: "Allah qismət edərsə, duamı edib, oruc tutacağam. Dünən Kəbə ziyarətindən gəlmişəm.