Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

Palatadan Unikal.org-a verilən məlumata görə, görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib.

Məlum olduğu kimi, "Banklar haqqında" qanunun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin başa çatmasından ən geci 5 ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə MBNP-nin bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd ediblər.
Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunub.

MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq.