Bu ilin aprel ayında manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi mart ayı ilə müqayisədə 0,18 faiz bəndi artaraq illik 7,00% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi isə 0,22 faiz bəndi azalaraq 3,88%-ə enib.

Unikal.org xəbər verir ki, bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

O cümlədən fiziki şəxslərin manatla əmanətləri üzrə orta faiz 0,23 faiz bəndi artaraq 11,04%, xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 0,33% azalaraq 4,55% olub.

Kommersiya bankları tərəfindən aprel ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,26% və 8,43% təşkil edib.

Xatırladaq ki, aprelin 1-nə bu göstəricilər manatda 12,31%, xarici valyutada isə 8,69% olub.

O cümlədən aprel ayında fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,04 faiz bəndi azalaraq 15,76%, xarici valyuta ilə verilən kreditlər üzrə 0,32 faiz bəndi azalaraq mayın 1-nə 16,40% təşkil edib.