Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 11-də keçiriləcək yeni hərrac elan edilib.

Unikal.org xəbər verir ki, hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir.

Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255.5 kv.m, torpaq sahəsi isə 474.8 kv.m olan qeyri-yaşayış obyektinə təyin olunub.

Adıçəkilən əmlak 312 min manata təklif olunur. Səbail rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat, Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektlər sırasında Qoxmuq istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir.

Hərraca çıxarılan iri müəssisələr sırasında "Tərtər Konserv, "Sumqayıt Kimya Tikinti, "Kürdəmir Kəndkimya Təchizat, "Salyan Reproduktor Quşçuluq, "Azərmetalinvest, "Azinterservis kimi müəssisələr var.