On gün bundan əvvəl Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında baş verən kütləvi zəhərlənmə hadisəsi ölkənin əsas gündəminə çevrilib. Qoyulan diaqnoza əsasən, zəhərlənmə səbəbinin sudan qaynaqlanan Rotavirus xəstəliyi olması əhalinin narahatlığına səbəb olub.

Bundan əlavə, mütəxəssislərin "krandan su içməyin", "ərzaqları, meyvələri qaynamamış su ilə yumayın" kimi həyəcanlı cümlələri narahatlığımızı birə-beş artırıb.

Unikal.org xəbər verir ki, qafqazinfo yayılan həyəcan dolu xəbərlərə aydınlıq gətirmək üçün Bakını və ətraf qəsəbələri suyla təmin edən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub. Burada abonentlərə verilən suyun ilkin emal prosesindən son ana qədər keçdiyi bütün mərhələləri lentə aldıq. İlk dəfə olaraq girişi qadağan olsa da, son proses olaraq istehlakçılara ötürülən "Təmiz su anbarı"na da daxil olduq.

Qeyd edə bilərik ki, içdiyimiz suyun emal prosesi insan əli dəymədən avtomatlaşdırılmış online sistem vasitəsilə idarə olunur. Emal prosesinin hər hansı mərhələsində problem aşkarlandığı halda yenə də sistem vasitəsilə məsələ öz həllini tapır.