"Ermənistanın təcavüzkar siyasəti daim davam edib. Onlar heç vaxt bu siyasətə ara verməyiblər. Sadəcə olaraq, bəlli məqamlarda bir az geri çəkilib, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar".

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Ermənistan ötən əsrin 90-cı illərdən başlayaraq, bu günə qədər təxribatları davam etdirib:

"Onlar davamlı olaraq, xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı vaxtlarda təxribatlara əl atırlar, cəbhədə qarşıdurmanı gücləndirməyə çalışır, bu fonda həm beynəlxalq aləmdə anti-Azərbaycan mövqelərini gücləndirməyə cəhd edir, həm də əhalinin Ermənistan hakimiyyətinə olan narazılığını ört-basdır etmək məqsədi güdürlər. Ona görə də biz hazırda cəbhədə baş verənləri də əvvəlki təxribatlar kimi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndirir, buna belə yanaşırıq".