Tanınmış aparıcı Zaur Kamalın sənət aləmindən heç kəslə evlənməyi məsləhət görməməsi şou-biznes aləmindəki insanları hiddətləndirib.

Unikal.org xəbər verir ki, metbuat.az məsələ ilə bağlı məşhurların fikirlərini öyrənib:

Prodüser Tarix Əliyev (Tolik):

"Sənətdə olmaq, əxlaqsız olmaq demək deyil. Sənətdə olan o qədər adam var ki, çox gözəl nümunəvi ailəsi var. Zaur Kamal yəqin ki, reytinqə görə bu sözləri deyib. Zaur özü də yaxşı bilir ki, reytinqi müğənnilər qazandırır. Gündə efirə çıxsa, heç ona baxan olmayacaq. Müğənnilərə görə baxırlar. Gərək hər kəs qarşılıqlı olaraq biri-birinə hörmət etsin".

Müğənni Mətanət Əsədova:

"Zaur mənim əziz dostumdur. Onun sözlərinə hörmətlə yanaşıram. Mən ancaq özümə ağayam. Ona görə də başqaları haqda heç nə deyə bilmərəm".

Müğənni Emil Bədəlov:

"Zaur yəqin ki, onu efir də reytinq qazanmaq üçün deyib. Zaurun müğənnilərə, bizim də ona qarşı hörmətimiz var. İnsan əgər pisdirsə, nəyinki müğənni, çəkmə düzəldən olsa da pis olacaq. İnsanın xarakterinin onun sənətinə dəxli yoxdur".

Əməkdar artist Mehriban Xanlarova:

"Bu sözü Zaurdan əvvəl mən demişəm. Mən həmişə demişəm ki, övladımı sənət adamına vermərəm. Mən bunu deyən də qəti şəkildə heç kəsin namusuna, qeyrətinə aidd bir şey demirəm. Özüm bu sahədəyəm və bilirəm ki, tamaşaçının gözündə ucalmaq üçün nə qədər çalışmalısan... Çox əziyyətli işdir".

Aktrisa Cəmilə Tağızadə:

"Zaur ona görə elə deyir ki, bu sənətdə olan bəziləri sənətdən xəbərsizdilər. Sənətin adından istifadə edirlər. Sənətdən başqa hər işlə məşğul olurlar. Həqiqi sənətlə məşğul olanların adına ləkə gətirirlər. Nəticədə bu cür fikrlər yaranır. Amma mən qəti sürrətdə etiraz edirəm. Sənətdə olanlardan biri də mənəm. Sənətim göz qabağındadır. Hər kəs mənim kimliyimdən, necə biri olduğumdan xəbərdardır. Heç kimin ixtiyarı yoxdur ki, insanlara şər atsın, onlar haqda artıq söz danışsın".

Qeyd edək ki, Zaur Kamal aparıcısı olduğu "5-də 5" verilişində "Heç kəsə arzulamıram ki, sənət aləmindən kiminləsə ailə qursun"- sözlərini deyib.