Türkiyə-İran sərhədində ərazilərin partlamamış hərbi sursatdan təmizlənməsi zamanı partlayış baş verib.

Unikal.org-un DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində iki azərbaycanlı yaralanıb. Hadisə İqdır vilayətinin Aralıq rayonunda, Ağrı dağının ətəyində qeydə alınıb. Mina təmizliyi ilə məşğul olan Azərbaycan vətəndaşları - 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minanı zərərsizləşdirmək üçün poliqona apararkən partlayış olub. Razi Aslanov əllərindən və gözündən, Ruslan Abışov isə ayaqlarından xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Bildirilib ki, ərazidə Azərbaycan, Türkiyə və Mozambik vətəndaşları təmizlik tədbirləri görürlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həmin ərazidə mina və partlamamış hərbi sursatdan təmizləmə əməliyyatı aparır.