Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin yerdəyişməsi prosesi başa çatıb.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ilkin olaraq müəllimlərin eyni rayon (şəhər) daxilində, sonradan isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi aparılıb. Nazirlik rəsmisi qeyd edib ki, 26-30 may tarixlərində eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində 1000 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib: "Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. 

Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Bundan başqa, müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək. Beləliklə, bu il müəllimlərin yerdəyişməsi proqram təminatı vasitəsilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçirilib. Proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırıb və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edib. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən işçi qrup tərəfindən dəyərləndirilərək müvafiq qərar qəbul edilib. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Yerdəyişmə müəllimin ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilib. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb.