Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Moldova prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.

Unikal.org-un məlumatına görə, prezident İlham Əliyev əminliyini ifadə edib ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq.

"Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur. Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın.

Prezident İqor Dodon isə Moldova və Azərbaycan prezidentlərinin yüksək səviyyədə görüşdüyündən məmnunluğunu ifadə edib: "İndicə biz xatırladıq ki, son 8-10 ildə görüşməmişik. Buna görə bu görüşümüzü çox vacib hesab edirəm. Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik. Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik. Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər.

12:03

Geniş tərkibdə görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Moldova prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.



11:15

İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Moldova prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.

Unikal.org-un xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

10:55

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verdi.

Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdirdilər.