Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə ilk görüşdə Ermənistan, ardınca Rusiya idmançısı ilə gərgin keçən görüşlərdən qalib ayrılıb. Yarımfinalda moldovalı rəqibini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Əli Rəhimzadə Ukrayna idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Beləliklə, Əli Rəhimzadə Avropa çempionatının qızıl medalını qazanıb.

Digər idmançımız Şahin Muxtarov (50 kq) ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Rusiya idmançısına uduzub və gümüş medalla kifayətlənib.

Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə qitənin üçüncüsü olub. Bürünc medal uğrunda görüşdə təmsilçimiz Türkiyə idmançısını məğlubiyyətə uğradıb.