Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Özkan Mutligillə görüşüb. 

Unikaal.org-un məlumatına görə, Bakıda baş tutan yığıncaqda Azərbaycan və Gürcüstanın qadın voleybolçular arasında birgə təşkil edəcəyi Avropa çempionatı müzakirə olunub.

Oyunları qəbul edəcək Göygöldə Olimpiya İdman Kompleksində, ardınca Milli Gimnastika Arenasında olan qonaq hazırlıq işlərindən razı qaldığını vurğulayıb. O, CEV adından AVF-ə təşəkkür də edib: "Azərbaycan böyük bir yarışa ev sahibliyi edəcək. Sizin çox güclü komandanız var. Sizi qazandığınız uğurlar münasibəti ilə də təbrik edirəm. Artıq Avropa çempionatına az vaxt qalıb. Yarış 70 ölkədə birbaşa yayımlanacaq. Bu Azərbaycan üçün böyük reklamdı. Avropa Voleybol Konfederasiyası Azərbaycanda Avropa çempionatı öncəsi oyun arenalarında yoxlama matçları keçirməyi nəzərdə tutur. Bu testlər həm sizin, həm də bizim üçün çox vacibdi.

Görüşdə çıxış edən Qurbanov bildirib ki, Avropa çempionatı yüksək səviyyədə təşkil etmək üçün çalışırlar: "Bildiyiniz kimi Azərbaycan böyük yarışlara yüksək səviyyədə ev sahibliyi edib və etməkdədi. Voleybol Azərbaycanda populyar idman növlərindən biridi. Əlimizdən gələn hər şeyi edəcəyik ki, həm komandalar, həm də qonaqlar bizdən razı qalsınlar.

Görüşün sonunda test oyunlarının keçirilmə tarixləri də dəqiqləşib. Matçlar iyulun 22-də Bakıda, 25-də Göygöldə olacaq.

Qeyd edək ki, 16 yığmanın qatılacağı Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.