Avropa Liqasının II təsnifat mərhələsində "İnterin "Fola ilə keçirəcəyi ilk görüşün baş hakimi Eytan Şmuelevits təmsilçilərimizə kifayət qədər tanışdı. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, israilli 5-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb.

Sadəcə, Şmuelevits indiyə qədər yalnız milli səviyyəsində matçlarda olub. Referi öncə 2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət yığmamızın AÇ-2013-ün seçmə mərhələ görüşlərində fit çalıb. O, U-17 millimizin həmin il oktyabrın 21-də Polşa, 24-də isə Bolqarıstanla matçlarını idarə edib. Komandamız hər iki oyunda müvafiq olaraq 0:1 və 1:4 hesabı ilə məğlub olub.
Şmuelevits 2015-ci il noyabrın 17-də U-21 üçün Bakıya səfər edib. AÇ-2017-nin seçmə mərhələsində baş tutan Azərbaycan - Rusiya görüşündə ədalət təmsilçisi olan hakim yığmamızın 3 cavabsız qoluna şahidlik edib. Həmin qarşılaşmada israilli komandamızın lehinə penalti də təyin edib.
Təcrübəli hakimin ölkəmizə son səfəri ötən ilin oktyabrına təsadüf edib. Ancaq bu dəfə baş hakim kimi yox. Belə ki, DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan - Norveç (1:0) oyununda o, 4-cü hakim funksiyasını yerinə yetirib.
2012-ci ildən FİFA referisi olan Eytan Şmuelevits 30 beynəlxalq görüşdə fit çalıb. Bu il ilk təyinatını alan israilli hakimin ən böyük uğuru 2 dəfə Avropa Liqasının (2013-14, 2014-15) qrupunda idarəçilik etmək olub. O, Avropa arenasındakı qarşılaşmalarda ümumilikdə 6 dəfə penalti təyin edibsə, 124 sarı, 5 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, iyulun 12-də "Dalğa Arenada keçiriləcək "İnter - "Fola oyunu saat 20:00-da start götürəcək.