Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un Lent.az-a istinaədn məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan və polkovnik rütbəsindən məhrum edilib.

Həmçinin onun əmlakları hamısı müsadirə edilib. Onların dəyəri ümumilikdə 1 milyon 277 min manata hesablanıb.
Xatırladaq ki, prokuror çıxışında Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.
Qeyd edək ki, Vüsal Ələkbərov MTN-də İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olub. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.
Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1 milyon 277 min manat dəyərində hesablanıb.