Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, iyul ayının 6 və 7-də Nizami rayonu ərazisində metronun "Neftçilər stansiyasının yaxınlığında naməlum şəxs Bakı şəhər sakini olan iki qadına qarşı zor tətbiq edib onların qızıl boyunbağısını götürərək hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Rzayev saxlanılaraq istintaqa təqdim olunub.
Saxlanılan şəxs ifadəsi zamanı soyğunçuluq yolu ilə əldə etdiyi qızıl boyunbağıları 360 manata qızıl qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102 Zəng Mərkəzinə və ya Nizami RPİ-nə müraciət edə bilərlər.