Sabah Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq matçlardan birincisi Bakıda keçiriləcək.

Günün yeganə qarşılaşmasında "İnter meydana çıxacaq. Paytaxt təmsilçisi Lüksemburqun "Fola komandasını qəbul edəcək. Qarşılaşma "Dalğa Arenada oynanılacaq.

"İnter başladığı uğurlu mövsümü davam etdirməyə iddialıdı. İlk mərhələdə iki qələbə qazanan Zaur Svanadzenin yetirmələri qol buraxmadan irəliləmək niyyətindədi.

Kifayət qədər məhsuldar olan bakılılar üçün rəqib də yetərində münasib sayılır. Lüksemburq futbol ölkəsi kimi tanınmadığından onların təmsilçisi də "İnterin "dişinə görə rəqibdi. "Zirənin Lüksemburq "Differdanjını inamla keçməsi də belə deməyə əsas verir ki, iki ölkə klubları arasında diqqətçəkən fərq var.

Düzdü, "Fola həmyerlilərindən fərqli olaraq, mərhələni keçməyi bacarıb. Amma Eş təmsilçisi güclü olmayan Moldova "Milsamini çətinliklə keçib. "İnter gələn həftə keçiriləcək səfər oyununda özünü çətinə salmamaq üçün cütün taleyini böyük ölçüdə Bakıda həll etməlidi. Svanadzenin komandasının qol buraxmadan və inamlı qələbəsi bunun üçün kifayət qədər münasib nəticə sayılır.
Son 3 avrokubok görüşündə qapısını toxunulmaz saxlayan bakılıların quru seriyasını davam etdirməsi inandırıcıdı. 2 il öncə başlayan bu seriya davam edərsə, paytaxt təmsilçisi tarixinin rekordunu müəyyənləşdirəcək.
Qeyd edək ki, "İnter - "Fola görüşü saat 20:00-da başlayacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. "İnter (Azərbaycan) - "Fola (Lüksemburq)
Baş hakim: Eytan Şmuelevits
Baş hakimin köməkçiləri: Saqi Metzamber, Nissan Davidi
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
UEFA hakim-inspektor: Oguz Sarvan (Türkiyə)
Bakı. "Dalğa Arena stadionu