Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən unikal.org-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılmış, onların 22 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətən­daşları ol­ublar.
Sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kq 740,8 qram narkotik maddə aşkar edilərək götürül­üb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 4 milyon 579 min 256 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 2 ədəd ov tüfəngi, 174 000 ABŞ dolları, 7 kq əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 045 ədəd zəli, 5 ədəd qayıq, 5293 qutu pirotexniki vasitə, 13720 qutu siqaret, 268 ədəd mobil telefon, 1012 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.