Xəbər verdiyimiz kimi, iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.Rüstəm Orucov general Novruzəli Orucovun oğludur.Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, sürücü 36 yaşlı Sənan Səmədov Yevlaxın Xaldan qəsəbəsindəndir. 14 ildir Bakıda sürücü işləyir. 3 övladı ilə Bakıda kirayədə qalır.

Zərərçəkmiş sürücü Sənan Səmədov unikal.org-a başına gələn olayla bağlı müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
"Rüstəm Orucovla polis idarəsində görüşüb-öpüşdüm"


-Hadisə necə baş verdi?

- Memar Əcəmi dairəsinə girirdim. O da eyni istiqamətdə yol mənim ola-ola gözlənilmədən girdi. Avtobusun qabağına keçərək qəza şəraiti yaratdı. Mən də avtobusu saxlayıb ona nə edirsən sualını verdim. Çünki mən avtobusla sərnişin daşıyıram. Qəflətən tormuz vermək olmaz. Çünki belə hadisələr zamanı sərnişinlər zədələnə bilər. Buna belə dedim. O isə mənə sənə niyə yol verməliyəm sualını ünvanladı. Mən də yol nişanını ona göstərdim. Bildirdim ki, dairə nişanını gözləyib sonra girməlisən. Biraz əsəbləşən kimi oldu. Sonra mən yoluma davam etdim. Avtobusun son dayanacağı 9-cu mikrorayondur. O maşını ilə arxamca gəldi. Avtobusu saxlayan kimi məni yanına çağırdı.


-Bundan sonra nə oldu?

-Həmin vaxt dispeçeri də məlumatlandırdım. O məni avtobusun arxasına çağırdı. Yanına getmədim. Dispeçer mənə dedi ki, narahat olma özüm yoluna qoyacam. Aramızda nə dərin söz-söhbət, nədə ki, söyüş olmadı. Amma buna baxmayaraq o özü mənim üzərimə gəldi. Bu zaman üzümə yumuruq atdı. Başım asfalta dəydi. Artıq bundan sonra özümdən xəbərim olmayıb. Təcili yardım maşını ilə məni Mərkəzi Klinik Xəstəxanasına gətirdilər.

-Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına kim məlumat verdi?

-Hadisə zamanı başıma iki tikiş qoyuldu. Üzümdə də şiş var idi. Hadisə baş verdikdən sonra bizim şirkətin dispeçeri 102 və 103-ə zəng edərək hadisə barədə məlumat verdi.



-Novruzəli müəllim yanınıza gəldimi?

-Bəli, baş verən hadisədən sonra xəstəxanada yanıma onlar tərəfdən heç kim gəlmədi. Ayılandan sonra 7-ci polis bölməsinə gəldim. Novruzəli müəllim oğluyla polis idarəsində idi. İlk dəfə Novruzəli müəllimi orada gördüm. Polisə izahatımda şikayətçi olmadığımı bildirdim. Məqsədim düşmən qazanmamaq olub. O məni özəl xəstəxanaların birində başımı "MRT elətdirdi. Dünən saat 11-ə kimi Novruzəli müəllim mənə zəng edərək halımla maraqlanıb. O mənə işə çıxmamağımı və müalicə olunmağımı tövsiyyə etdi. Novruzəli müəllim çox sadə bir insandır. O mənə nə lazımdırsa imkanı çatdığı qədər köməklik göstərəcəyini də təklif etdi. Telfonum sındığına görə, mənə pul verdi.

-Bəs Rüstəm Orucov polis idarəsində sənə nə dedi?

-O dedi ki, biranda əsəbləşdiyi üçün belə bir addım atıb. Özü də məni vurduğuna çox peşman olduğunu dilə gətirdi. Daha sonra Rüstəm Orucovla polis idarəsində barışdıq, görüşdük-öpüşdük. Novruzəli müəllim o qədər şirindil insandır ki, özüm baş verən hadisədən utanırdım. Məndə olan məlumata görə, artıq Rüstəm Orucov həbs edilib. Cənab prezidentə baş verən hadisəyə dərhal reaksiya verdiyinə görə, öz təşəkkürümü bildirirəm. İlham Əliyev bir daha göstərdi ki, o adi vətəndaşlarla, məmurlar arasında heç bir ayrı-seçkilik qoymur, əksinə məmurları hər zaman vətəndaşların yanında olmağa çağırır.