Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən bugünkü iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Prosesdə Akif Çovdarov bəzi epizodlar üzrə ifadə verib.

O, bildirib ki, Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov ona zəng edib: "Zaur mənə dedi ki, stansiyada olan obyektləri bağlayıb, buna görə də orda çalışan şəxslər mitinq edir. Ona dedim ki, bu bizim işimiz deyil, polisə deyin. Zaur Hüseynov mənə dedi ki, polis aksiyaçılarla bacarmır. Məsələ ilə bağlı rəhbərliyə məruzə etdim. Göstəriş verildi ki, araşdırılsın.

Çovdarov qeyd edib ki, məsələni araşdıran zaman onlara məlum olub ki, stansiya çıxışlarında 1200 obyekt olub: "Həmin obyektlər 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Orada aylıq kirayə pulu 200 dollardan 3 min dollara kimi idi. Tağı Əhmədovun pulyığanları 3 aylıq icarə pulunu əvvəldən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb edirdilər. Bu ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidir ki, 1200 köçkün icarəsi ildə 120 min edirsə, belə çıxır ki, hər birinin aylıq icarə pulu 8 manat 50 qəpik olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Bizə tapşırıq gəldi ki, metropolitenin fəaliyyəti yoxlanılsın. Detallı araşdırma zamanı bəlli oldu ki, aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçmir və onun pulu Tağı Əhmədovun cibinə gedir. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib.

General onu da bildirib ki, agentura xətləri vasitəsi ilə 11 milyon manatın dövlət büdcəsindən oğurladığını aşkarlayıblar: "Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyib, xəttə buraxıblar. Bu yolla 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. "Azərenerjiyə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. Məlum oldu ki, Tağı Əhmədovun "Sahil metrosunun üstündəki binada 4 mənzili, "Yeni Həyat yaşayış kompleksində 4 mənzili, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükanı, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı "Kolizey və "Şəhrizad restoranları, Dubayda yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi var. Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib.

"TexnikaBankda 13 milyon dollar pulu olub, digər pulları isə "Bank of Baku və "Unibankdakı hesablarında idi. "Texnikabank müflis olanda öz hesabından 9 milyon çıxarıb, ofşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi.

Çovdarov bildirib ki, bu məlumatları rəhbərliyə təqdim ediblər: "Bizə dedilər ki, bu məlumatları özünüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, "bu bombadı, partlaya bilər, qoy özündə qalsın.

Məhkəmədə dövlət ittihamçısı Akif Çovdarovun ifadəsinə replika ilə cavab verib. O, bildirib ki, Tağı Əhmədov haqda prokurorluqda araşdırma aparılmayıb.

A.Çovdarov prokurora belə cavab verib: "Sən soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam.

Prokuror isə heç nə soruşmayıb.

Həbsdəki general deyib ki, Tağı Əhmədovun ona pul verməsi barədə dedikləri yalandır: "Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi, rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, hədiyyə etsinlər. Mən Rəsula dedim ki, get Tağıya de, lazımdısa, nazir müavinin adından rəsmi məktub da yazaq. Onda Tağı demişdi ki, 3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiniz. Ancaq sonradan müəyyən səbəblərə görə bu məsələnin üstünə getmədik.

Çovdarov qeyd edib ki, Tağı Əhmədov metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirdirmiş və bu prosesi izləyiblər: "Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın. Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb, sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub, mənim əleyhimə yalan ifadə verdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.