Ögey qızını qulağından tutub divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tural Hüseynli dindirilib.
O ifadəsində bildirib ki, Elnar Hacıyeva qarşı tələbi, şikayəti yoxdur: "Elnarla münasibətimiz olub. Qonşuyuq. Həmin günü də Elnar içkili idi. Məndən dedi ki, uşağın velosiped var? Dedim pulunu ver satım sənə. Həm də velosiped maşında idi. Vermədim, mübahisəmiz düşdü. Elnar məni vurmaq istəyəndə qaçdım, sonra kəllə ilə burnuma zərbə vurdu. Burnum qırıldı. Həkimə getdim, amma şikayət etmədim. Anası məni həkimə aparmışdı. Dedilər əməliyyat elətdirəcəyik. Sonra qaldı, indi nəfəs almaqda çətinlik çəkirəm".
Tural Hüseynli qeyd edib ki, Elnarın ögey övladı Ramilləni öldürməsindən sonra xəbəri olub: "Məhəllədə xəbər yayıldı, mən görməmişəm. Sonra gəlib məni də tapdılar ki, Elnar burnunu qırıb, sən də gəl ifadə ver".
Prosesə bəzi şahidlər gəlməyib. Hakim bildirib ki, şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunub. Həmin şəxslər polis vasitəsi ilə məhkəməyə gətiriləcək.
Məhkəmə prosesi iyunun 21-ə təyin edilib.
Qeyd edək ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.
İttihama görə, Ağsu sakini Elnar Hacıyev Xırdalanda qeyri rəsmi nikahda Samirə Yarıyeva ilə birgə yaşayıb. Həm Elnar Hacıyevin həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızları olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. Bu zaman o doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməsini tapşırıb. Qızı ləyəndə su gətirərək onun ayaqlarını yuyub. E. Hacıyev ayağın yuduğundan sonra ləyəni aparmağı ögey qızı olan 6 yaşlı Ramilə Abdulxaliqovaya tapşırıb. 6 yaşlı qız ləyəni qaldıran zaman gücü çatmayıb. Suyu döşəməyə töküb. Bundan əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq və təpik zərbələri endirib. Bununla da kifayətlənməyən Elnar Hacıyev R. Abdulxaliqov qulağından qaldırıb evin divarına bir neçə dəfə çırpıb. Bu zaman 6 yaşlı qız huşunu itirib. Bunu görən Elnar Hacıyev qızın üstünə su töküb. Qızın özünə gəlmədiyini görən Elnar Hacıyev 6 yaşlı qızı divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.
Bundan başqa Elnar Hacıyev qonşuluqda yaşayan Tural Hüseynli ilə iyunun 25-də dava edib. Dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3( qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.