İranda qəsdən adam öldürmədə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 10 nəfər edam edilib.

Unikal.org xəbər verir ki, Kərəc, Həmədan, Urmiya və Zahidan şəhərlərində edam olunan şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

Qəsdən adam öldürmədə təqsirləndirilən və ölüm hökmünün icrasına hazırlıq üçün üç gün əvvəl təkadamlıq kameralara köçürülən müttəhimlərdən 7-si (Mehrdad Saebi Əfşar, Məhəmməd Şirzad, Həmid İslami, Mehdi Əhmədi, Nadir Kəmani, Vəli Xəzayi və Məhəmməd Həmevənd) iyulun 12-si sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.

Narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 1 nəfər (Səməd Əbdüli) Həmədan həbsxanasında, qətldə təqsirləndirilən 1 nəfər (Bərzu Şeyxi) isə Urmiyanın mərkəzi zindanında edam edilib.

İyulun 12-də həmçinin daha 1 nəfər (Məhəmməd Şəhnəvazi) naməlum ittihamlarla Zahidan həbsxanasında dar ağacından asılıb.