Ən böyük qarşıdurma 2016-cı ilin aprelində baş verdi. Onun da səbəbi mülki əhalinin atəşə tutulması oldu. O zaman, aprelin 1-də Ermənistan tərəfinin Tərtər rayonuna endirdiyi artilleriya zərbəsi nəticəsində bütün bir ailə avtomobilin içində həlak olmuşdu.

Unikal.org xəbər verir ki, bu sözləri Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "RİA Novostiyə müsahibəsində deyib.

"Təbii ki, mənə bu barədə məruzə etdilər. Bu, təxminən saat 10-11 radələrində baş vermişdi. Və bu atəş nöqtələri yüksəklikdə yerləşdiyindən, bütün kəndi və ətraf əraziləri hədəfə ala bildiyi üçün düşmənin atəş nöqtələrinin yaşayış məntəqələrindən uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim. Bu göstəriş tammiqyaslı müharibənin başlanılması tapşırığı deyildi, - general bildirib.

Zakir Həsənov ordumuzun təxminən 15-20 faiz qüvvəsinin əməliyyatlara cəlb olunduğunu, Ermənistanın isə bütün silahlı qüvvələrini cəbhəyə cəlb etdiyini açıqlayıb:

"Mən hətta mərkəzi tabelikdə olan ehtiyat qüvvələrini və artilleriyanı belə cəbhəyə göndərmədim. Ermənistan silahlı qüvvələrini yaşayış məntəqələrimizdən geriyə ataraq Ordumuz bu tapşırığı yerinə yetirdi. Ermənistan buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini cəlb etdilər. Yerevandan ehtiyat qüvvələri də cəbhəyə göndərildi. Üç gün onlar bizim mövqelərə hücum etdilər. Amma artıq ikinci günü Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə cəlb etdilər.