Dövlət İmtahan Mərkəzi (DİM) iyul ayının 29-da 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən unikal.org-a verilən məlumata görə, bu mərhələdə 2017 ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 411 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 124 nəfərini oğlanlar, 287 nəfərini qızlar təşkil edir. 372 abituriyent Azərbaycan, 39 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.