Güləşçilərimizin aksiya keçirməsi həm sosial şəbəkələrdə, həm də mətbuatda səs-küy yaratdı. Bəziləri idmançıların düzgün addım atmadığını dedi, bəziləri isə onların bu addımını dəstəklədi. Nədənsə, güləşçiləri keçirdikləri aksiyaya görə tənbeh edən sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov bir çoxları tərəfindən tənqid edilməyə başlandı. Hansı ki, o məşqçi fevral ayında İranda keçirilən Dünya Kuboku zamanı bayraq təxribatının qarşısını almışdı.

Hətta, güləşçilər medal qazanıb, uğurlara imza atan zaman Umudova tərif yağdıran bəzi şəxslər də küyə qoşuldular.

Məsələyə vətən uğrunda gözünü və bir ayağını itirmiş Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi də laqeyd qalmadı.


Gənc baş leytenant idmançıların aksiya keçirməsinə və F.Umudovu tənqid edənlərə Unikal.org-a verdiyi müsahibədə münasibət bildirdi.

- Kamil bəy, yəqin güləşçilərimizin aksiya keçirməsindən xəbəriniz oldu. Keçmiş idmançı kimi bu məsələyə necə münasibət bildirərdiz?

- Videogörüntüləri izləmişəm. Orada olan idmançılarımızın bəziləri ilə bir yerdə məşq etmişik. Mən bu aksiyaya iki prizmadan baxıram. Belə ki, güləşçilər öz haqqlarını tələb ediblər, maaşları ödənilməsini istəyiblər.

Bəli, bu idmançılarımızın haqqıdır. Çünki onlar daim Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıblar. Azərbaycanın dünyada tanınması üçün əllərindən gələnləri ediblər.

Amma digər tərəfdən də düşünürəm ki, hazırki vəziyyətdə bu addım atılmamalıydı. Məsələ federasiya səviyyəsində həll olunsaydı, idmançılarımız yığışıb rəhbərliyə öz fikirlərini bildirsəydi daha yaxşı olardı.

Ona görə bu addımı dəstəkləmədiyimi deyirəm ki, bizim çəkilməli olan çox dərdimiz var. Ən böyük dərdimiz də Qarabağ dərdidir. Düşmənin bizim bu halımıza sevinməyinə şans yaratmaq olmaz.

Hazırda müharibənin hər an baş verə biləcəyi bir şəraitdə yaşayırıq. Torpaqlarımızın 20 faizini düşmən işğal edib. Onun azadlığı üçün hər an döyüşə qalxa bilərik.


Bu məsələyə hərbçi kimi isə belə münasibət bildirmək istəyirəm. Fərz edək ki, döyüş meydanındayıq, bir neçə gündür bizim yeməyimiz gəlmir. Bu halla keçmiş döyüşçülərimiz daha çox rastlaşıb.

Belə çıxır ki, həmin an biz döyüş meydanını tərk edib, ya da etiraza qalxmalıyıq ki, "bizə yemək gəlmir?.

Düzdür, sakit də durmamalıyıq. Çünki çox ac qalmaqla qələbə əldə etmək olmaz. Amma bunu heç kimə hiss etdirmədən həll etmək daha yaxşı olardı. Bu mənim şəxsi fikirimdir.

- Nədənsə aksiyadan sonra bəzi şəxslər Firdovsi Umudovu da tənqid hədəfinə aldılar.

- Elədir. Amma görüntülərdən də izlədiyim qədər idmançılarımızın istəyi federasiyadandır. Yəni, burada baş məşqçi Firdovsi Umudovun bəzi şəxslər tərəfindən hədəfə alınmağı məncə düzgün deyil. Yəqin bu bəzilərinin düzgün analiz etmə qabiliyyətinin olmamasından irəli gəlir. Firdovsi Umudov özü də idmançılar kimi maaş almır. Bu isə o deməkdir ki, maaşların verilməməsində onun heç bir rolu yoxdur. Hərbçi olmamışdan əvvəl millidə illərlə onun rəhbərliyi altında məşq etmişəm.

Onun necə məşqçi və insan olduğunu tək mən yox, çoxları bilir. Umudov daim idmançılara dəstək olan, əlindən gələni idmançılar üçün əsirgəməyən məşqçidir.

Məni tanıyan bilir ki, kiməsə nə varına, nə də cəmiyyətdəki statusuna görə qiymət vermirəm. Mən insanın mənliyinə, xarakterinə görə dəyər verirəm.

- Yəni hədəfin düzgün seçilmədiyini deyirsiz?

- İstəməzdim bu şeyləri açıqlayım. Amma məcburən deyəcəm. Qoy, bilməyənlər də bilsin. Haqqında irəli-geri danışanlar eşitsin. Firdovsi Umudov bu gün tək idmançılara deyil, çox şəhid ailəsi, Qarabağ əlilinə öz dəstəyini köməyini əsirgəməyib. Həmişə də onlara diqqətini göstərir. Düzdü çoxları deyəcək ki, etməlidir, borcudur. Amma düşünək ki, bir başa borcu olanlara "borcudur deyə bilmirik.

Türkiyəyə ayaq protezimle bağli gedib gələndən sonra Qazaxda Ramazan bayramı ilə əlaqədar tədbir təşkil edilmişdi. Orada bir neçə şəhid ailəsi ilə görüşdüm. Görüş əsnasında mənə Firdovsi Umudovdan çox razılıq etdilər. Dedilər bizi unutmur,bir neçə ay əvvəl gəldi ziyarət etdi. Dərdlərimizlə maraqlandı. Gücü çatan qədər köməklik edib.


O etdiyini heç vaxt cəmiyyətə açıqlayıb reklam etmir. Bunları deməkdə məqsədim Firdovsi müəllimi nə reklam etmək, nə də gördüyü işləri kimlərəsə bəyan etməkdir. İnsanlar bilməlidirlər ki, Firdovsi Umudov tək məşqçiliklə deyil, bu cür yaxşı əməllərlə də məşğuldur.

Biz bir az ayıq-sayıq, diqqətli olmalıyıq. Yenə deyirəm bu cür halları dəstəkləməməliyik. Demirəm onlar səhv ediblər, demirəm onlar haqlarını tələb etməməlidirlər. Sadəcə düşünək ki, hər şeyin həlli yolu var. Hazırda ermənilər mülki vətəndaşlarımızı hədəfə alıb. Hər gün bir vətəndaşımızın düşmən gülləsinə tuş gəldiyini, körpələrimizin öldürüldüynü eşidirik, görürük.

Bunu fikirləşib, vətən uğrunda döyüşməyi düşünməliyik.


Qəribədir ki, layiq olan da, olmayan da danışır. Hər şeyi bir nəfərin üstə yıxırlar. Belə vəziyyət bir çox qurumlarda var. Nəsə baş verən kimi bir nəfərin üstünə atırlar. Bu yol verilməzdir. Biz bir olmalıyıq. Hər kəsə layiq olduğu dəyəri düzgün şəkildə verməliyik. Dediyim bu sözlərin hər birini tam səmimiyyətimlə və məcburiyyət qarşısında dedim. Haqsızlığa qarşı susa bilməzdim. Allah xalqımıza yar olsun.

- Kamil bəy, siz də vətən uğrunda bir ayağınızı və bir gözünüzü itirmisiniz. Bəs, Firdovsi Umudovun sizinlə hazırda münasibəti necədir?

- Demək olar ki, yaralandığım gündən mənə hər cür dəstəyi verib. O həm məşqdə, həm də həyatda yaxşı müəllimdir. O müəllimlik peşəsinin öhdəsindən ləyaqətlə gələn insandır.

Mən ayaq protezimlə bağlı Türkiyəyə göndəriləndə maddi köməyin çoxunu məhz bu insan etmişdi. Mən bu hadisədən sonradan xəbər tudum. Amma heç vaxt eşitmədim bir yerdə desin ki, "Kamilə ayaq potezini mən qoydurmuşam". Amma bəziləri cəmiyyətdə mənə protez ayaq qoyduran kimi göstərərək özünü reklam etməyə çalışdı. İnanın ki, danışıb, çox şeyləri sübut edərəm. Zənnimcə, bu qədər bəs edər.

Aygün İlqarqızı