"Baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. Düzdür, lazım olan səviyyədə inkişaf etməyib, ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülübdür. Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. Əlbəttə, bu da son hədəf deyil. Mən bir qədər sonra deyəcəyəm bizim planlarımız nədən ibarətdir. 14 min 800 ton fındıq ixrac edilib. Fındıq ixrac edilən əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar səviyyəsində. Amma, bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Yəni, bu, onu göstərir ki, həmin ölkələrdə tələbat var, sadəcə olaraq, bu ölkələrə çox az həcmdə fındıq ixrac edilir. Bu statistika onu göstərir ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq. Sadəcə olaraq, biz tezliklə əkin sahələrini genişləndirməliyik və fermerlərə kömək göstərməliyik.

Unikal.org-un məlumatına görə, bunu Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq. Qiymətlərlə bağlı. Fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olub. Ancaq onu da deyim ki, məncə, fındıqçılıq bu liderliyi saxlaya bilməyəcək. Çünki Azərbaycanda indi çoxlu istixanalar salınır və pomidor istehsalı sürətlə artır. Gəlir gətirən ixrac kənd təsərrüfatı məhsulları arasında pomidor indi birinci yerdədir. Ona görə, fındıqçılar gərək çalışsınlar ki, liderliyi əldən verməsinlər.
Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib. Ancaq satış qiyməti aşağı olub. Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramının qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıb. Dünya üzrə qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona görə hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaq. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşmiş şəkildə alınsın və ixrac edilsin.
Fındığın əsas alıcıları böyük şokolad fabrikləridir. Biz də fındığı daha çox oraya satırıq. Amma çalışmalıyıq ki, birbaşa müqavilələr bağlansın. Yəni, burada vasitəçilər az rol oynasınlar. Çalışmalıyıq ki, fındığın çeşidi də artsın. Çünki biz bunu xaricə daha çox vakuum şəklində satırıq. Xaricdə isə ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə aparılır. Biz paketləməni də, çeşidləməni də Azərbaycanda aparmalıyıq. Ona görə, yeni avadanlıq gətirilməlidir ki, biz hazır məhsulu dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir.
İndi xarici ölkələrdə bizim ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilibdir və fındıq ixracatı orada həmişə qeyd olunur. Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, biz istehsalı artırmalıyıq və hazır məhsul ixrac etməliyik. Fındıqçılar onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik. Biz bugünkü müşavirdə bu məsələləri ona görə geniş müzakirə edirik ki, bu sahələrin çox böyük perspektivi var. Onu da deməliyəm ki, belə müşavirələrin çox böyük faydası və mənası var. Pambıqçılığa dair birinci müşavirədən sonra pambıqçılıqda inqilabi dönüş yarandı. Əkin sahələri 17 min hektardan 136 min hektara çatdı. Əgər orta məhsuldarlıq bu il 20 sentner olarsa, təqribən 260 min ton pambıq istehsalı gözlənilir. Bizim məqsədimiz ondan ibarətdir ki, bu rəqəmi 500 min tona çatdıraq. Biz kompleks tədbirlər nəticəsində qısa müddət ərzində buna nail ola bilmişik. Ona görə bu təcrübə onu göstərir ki, biz tütünçülük, baramaçılıq, fındıqçılıq sahələrində də tezliklə istədiyimizə nail olacağıq. Müşavirədən sonra bu sahələrə çox ciddi təkan veriləcək, yeni iş yerləri yaradılacaq və kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək. Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq. Bizim qarşımızda duran əsas vəzifələr bundan ibarətdir, - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti müntəzəm olaraq kənd təsərrüfatı sahəsinə çox böyük vəsait ayırır, investisiyalar qoyulur: "Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan "40 yol layihəsi, - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır. Ona görə, mən göstəriş vermişəm ki, gələn ildən bu sahəyə çox böyük vəsait ayrılsın, o cümlədən yaşayış məntəqələrinin sayına, orada yaşayan əhaliyə və əkin sahələrinə yaxınlığına görə prioritetlər müəyyən edilsin. Yol çəkilişi kənd təsərrüfatının inkişafında da öz rolunu oynamalıdır. Digər infrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir. Əgər elektrik enerjisi, su təminatı olmasa, heç kim heç bir yerdə investisiya qoymaz. Ona görə, kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Qeyd etdiyim kimi, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusilə son illər ərzində ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək. Onlardan 7 mini artıq gətirilib, cəmi bir il ərzində. Azərbaycan dövləti bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayırır, sonra da lizinq yolu ilə güzəştli şərtlərlə fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər. Bu yaxınlarda kənd təsərrüfatı naziri mənə məlumat vermişdir ki, biz özümüzü kənd təsərrüfatı texnikası ilə demək olar təmin etmişik. Əlbəttə, növbəti illərdə yeni texnikalar alınacaq. Ancaq biz əsas çətinliyi aradan qaldıra bilmişik. Subsidiyalar verilir, o cümlədən bu gün müzakirə etdiyimiz sahələrin inkişafı üçün. Onların da çox böyük mənası var. Güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir. Sahibkarlara metodik tövsiyələr verilir ki, onlar işlərini daha da yaxşı qursunlar. Yəni, Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün. Bəlkə də var, mən eşitməmişəm. Ən gözəl şərait Azərbaycandadır və biz bunun hesabına regionların sosial-iqtisadi inkişafına nail ola bilmişik. Əminəm ki, bugünkü müşavirənin nəticələri çox müsbət olacaq. Əminəm, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək. Həm özəl sektor, fermerlər, kəndlilər də, əlbəttə, bu işdə fəal rol oynayacaq. Dövlət qurumları - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bütün bu işlərə rəhbərlik edəcək. Bütün bu işlərə ümumi rəhbərlik isə Prezident Administrasiyası tərəfindən aparılacaq.