Gizli biznesin QARA OYUNLARI - Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər?

05 Avqust 2017 [15:02]


İdmançıların, xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən mövzu olub. Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ bilirik. Lakin Azərbaycanda vəziyyət belə deyil. Hazırda ölkədə kifayət qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər hansı məlumat əldə edə bilmirik.

Bunun səbəbi nədir? Transfer qiymətləri niyə gizli saxlanılır?

"Klublar məmurların himayəsi altında olur"

Unikal.org xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda futbol klubları biznes təfəkküründən uzaqdır:

"Dünyada idman klublarının əksəriyyəti kommersiya qurumu kimi fəaliyyət göstərir. Çoxu səhmdar cəmiyyətdir və minlərlə, on minlərlə səhmləri var. Təbii ki, bunlar cəmiyyətə, bazara açıq şəkildə fəaliyyət göstərməyə borcludurlar. Klublar səhmdar cəmiyyəti olduğu üçün transferlərlə bağlı hər hansı anlaşma olduğu halda bunu mətbuat vasitəsilə ictimaiyyətə açıqlayırlar.

Azərbaycan isə klublar çox təəssüf ki, normal biznes təfəkkürü ilə fəaliyyət göstərmir. Ən yaxşı halda hansısa bir şirkətin sponsorluğu altında çalışır. Bəzən isə bizneslə birbaşa əlaqəsi olan şəxslərin, məmurların himayəsi altında olurlar. Bu səbəbdən də çox qapalı şəkildə fəaliyyət göstərirlər. Cəmiyyətə həm transferlərlə, həm də, ümumiyyətlə, gəlirlər və ya xərclərlə bağlı doğru-dürüst məlumatlar verilmir.

Amma dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da azarkeşlər öz dəstəklədikləri klubun transfer bazarında necə fəaliyyət göstərdiyini, hansı oyunçularla danışıqlar apardığını, nə qədər qonorar aldıqlarını bilməlidirlər və bu, onların haqqıdır".

"Ölkəmizdə dünyada qəbul olunmuş oyun qaydaları formalaşmayıb"

Ekspertin fikrincə, yalnız Avrokuboklara düşən klubların gəliri haqqında az da olsa, məlumat əldə etmək mümkündür:

"Komandalar, furbol klubları biznes qurumu kimi fəaliyyət göstərmir. Avrokuboklara düşməyən klubların gəlirləri haqqında, ümumiyyətlə, məlumat yoxdur. Avrokuboklarda iştirak edən aparıcı klublarımızın oyunlarda qalib gəldikdə və ya tur atladıqda nə qədər vəsait əldə etdiyi haqqında məlumatı hansısa beynəlxalq futbol qurumları, Avropa Futbol Federasiyası vasitəsilə ala bilirik.

Amma klublar çox qapalı fəaliyyət göstərir. Bu da təəssüf doğuran haldır. Çünki futbol artıq uzun müddətdir ki, böyük biznesə çevrilib, şirkətlər kimi idarə olunur və böyük gəlirlər gətirir. Dünyada elə futbol klubları var ki, onun dəyəri milyardlarla ölçülür. Bu da iqtisadi canlanma yaradan əsas faktorlardan biridir. Məsələn, sırf "Barselona"nın oyununa baxmaq üçün gələn turistlər il ərzində azı 2 milyard dollara yaxın vəsait xərcləyirlər. Yəni bu, böyük biznesdir. Azərbaycanda isə kublar biznes təfəkküründən uzaq olduğu üçün bütün məlumatlar gizli saxlanılır. Bu da doğru yanaşma deyil".

"Azərbaycanda heç kim bir transfer qiymətini dəqiq deyə bilməz"

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli transfer məsələsinin hər zaman aktual olduğunu vurğulayıb:

"Əslində, bu sahədə hər şey qaydasında olsaydı, məsələ belə aktual olmazdı. Azərbaycanda peşəkar futbol fəaliyyətinin bünövrəsi qoyulandan indiyə qədər belə hallar bizdə baş alıb gedir. Yəni şəffaflıq baxımından bizdə bu sahədə ciddi qüsurlar var. Hər kəsə gün kimi aydındır ki, şəffaflığın olmaması nəyə xidmət edir. Çünki burada söhbət vergi ödənişləri, maliyyə məsələlərindən gedir. Məsələn, son günlər Neymarın transfer məsələsi ilə bağlı kifayət qədər böyük məbləğdən söz açılır və bu sirr saxlanılmır. Amma Azərbaycanda heç kim bir transfer qiymətini belə, dəqiq deyə bilməz. Klublar adətən bunu maliyyə sirri ilə əlaqələndirirlər. Oyunçudan transferlə bağlı bir şey soruşduqda isə menecer və ya kluba yönləndirir. Burada məsələ tərəflərin ümumi razılığı ilə gizli saxlanılır".

"Klubları kimlər idarə edir..."

R.Binnətli müvafiq qurumların da hər hansı tədbir görmədiyini vurğulayıb:

"Bir yerdə ki şəffaflıq qorunmur, bu, şübhələrə səbəb ola bilər. Əgər heç bir qanun pozuntusu və ya qara niyyət yoxdursa, o zaman nəyə görə bu məsələ gizli saxlanılmalıdır? Belə hallar varsa, deməli, heç də xoşməramlı məqsədlər güdülmür. Əslində, bunun bir ucu da inzibati, hüquqi məsələlərə dayanır. Görürsünüz, bəzən məşhur futbolçuların vergi ödənişində nə qədər pozuntular aşkarlanır və neçə ildən sonra üzə çıxır. Ancaq bizdə bu, qara xəttlə keçən məsələdir. Yenə də deyirəm, bu, tərəflərin razılığı ilə baş verir. Amma bizdən asılı olmayan səbəblər olduğu üçün hələ ki bu məsələnin həlli mümkün kimi görünmür.

Görünür, klublar yuxarıdan idarə olunur. Vergi orqanları da çəkilib kənarda durmasa və bu işin monitorinqi aparılsa, transfer məbləğləri haqqında məlumatlar çox asan formada ortaya çıxar. Amma onlar da bunu etmir. Nəticə olaraq deyə bilərik ki, zəncirin əhatə dairəsi çox genişdir".

"1 milyonu ötüb keçən transferlər...."

"Hazırda bizim yaxşı klublarımız mövcuddur və onların büdcəsi milyonlarla ölçülür, 1 milyonu ötüb keçən transferlər reallaşır. Amma bu ağızdan-ağıza gəzən təxmini rəqəmlərdir. Kifayət qədər yaxşı oyunçuları transfer etmisiniz, çox gözəl. Amma transfer məbləğini kiçiltmək və ya bunu ictimaiyyətdən gizlətmək düzgün deyil. Necə ki, biz dünyanın bütün klub transferləri ilə bağlı xəbər tuta bilirik, bu, ölkəmizə də aid olmalıdır. Bir jurnalist kimi Azərbaycanda reallaşan transferlər haqqında dəqiq informasiya ala bilmirik. Birbaşa bu işə cavabdeh olan qurumlar da məsələnin arxasınca düşmürlər. Transfer məbləğləri hələ də qaranlıq qalır".

"İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir"

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirib ki, transfer qiymətlərinin açıqlanmaması maliyyə şəffaflığına kölgə salan məsələdir:

"Bir çox ölkələrdə normal klublar transfer məbləğlərini açıqlayırlar. Amma bizdə təəssüf ki, belə bir prosedur olmayıb. Eyni zamanda ictimaiyyətə açıqlanan qiymətlərlə rəsmi qiymətlər arasında da hər zaman uçurum olub. Hər halda, məbləğlərin açıqlanması şəffaflıq göstəricisidir. İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir. Görünür, müəyyən problemlər mövcuddur.

Azərbaycanda hər şey göstərildiyi kimi olmur, daha çox transfer qiymətləri qarşılıqlı razılaşma ilə gizli saxlanılır. Ümumiyyətlə, bu, birbaşa maliyyə şəfaflığının olmadığına dəlalət edir".









SON XƏBƏRLƏR davamı
2017-08-23
2017-08-22










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (15%)
Xeyir (85%)


TƏQVİM