Sərhəddən soyuducu yük avtomobili ilə külli miqdarda siqaret keçirmək istəyən Türkiyə vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, "Qoşa Təpə gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanılıb. Gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçiriblər. Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb.

Sonra həmin metal lövhələr açılmış və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində "GSS, 1800 ədəd üzərində "Brilliant, 5000 ədəd üzərində "OSCAR, 6000 ədəd üzərində "KİNG, 8000 ədəd üzərində "MM və 408000 ədəd üzərində "Victory yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.