UEFA Danimarkanın "Kopenhagen" klubunun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar şikayət məktubuna cavab verib. 

Unikal.org apasport.az-a istinadən verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumu "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurması ilə bağlı iddialarını əsassız sayıb. Belə ki, müdafiəçinin rəqibinə dirsək zərbəsi vurduğunu düşünən kopenhagenlilərin müraciətinə "yox cavabı verilib.

Bu isə o deməkdi ki, Maksim cavab oyununda da iştirak edə biləcək.

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də Danimarka paytaxtında keçiriləcək.