Unikal.org bildirir ki, Azərbaycan Premyer Liqasının II turunda "İnteri məğlub edən "Qarabağın yarımmüdafiəçisi Rahid Əmirquliyev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Çətin qələbə oldu. Matçı necə xarakterizə edərdiniz?

- Çətin olacağını bilirdik. "İnter ötən mövsümdə də yaxşı oyun nümayiş etdimişdi. Bu il də heyətlərini qorumağı bacardılar. Ona görə də, ağır duelin olacağı görünürdü.

- "İnter ən çətin vaxtlarını yaşayır. Son 4 ilin çempionu yarımcan rəqibini niyə belə çətinliklə yendi?

- "İnterin əziyyət çəkdiyini deməzdim. Yalnız Rauf Əliyev gedib. Nizami Hacıyev zədəlidi. Bizdə də zədəli futbolçular var. Ona görə də, çətin duelin alınması normaldı.

- Qarşıdan ağır oyunlar gəlir. "Kopenhagen, ardınca da "Qəbələ ilə gücünüzü sınayacaqsınız...

- "Kopenhagenin güclü rəqib olduğunu burdakı matçda da gördünüz. Ciddi hazırlaşırıq. Bakıda 1:0 hesabı ilə qalib gəlsək də, səfərdə işimizin çətin olacağını bilirik. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə dönək.

- Məğlub olsanız, Avropa Liqasının qrup mərhələsində yarışacaqsız. Bu amil sizin üçün müəyyən qədər rahatlıq yaradırmı?

- Rahatlıq yaratdığını deməzdim. Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Çünki Avropa Liqasının qrup mərhələsinə artıq vəsiqə qazanmışıq. Buna görə də, yaxşı nəticə qazanıb, yeni mərhələdə mübarizə aparmalıyıq. Yalnız bu haqda düşünürük.