Yaşadığımız binalarda, evimizdə, məişətimizdə enerjidən düzgün və qənaətlə istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, enerji israfçılığının və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda onsuzda az olan evdəki büdcəmizi qoruyub pulumuza qənaət edə bilərik. Belə ki, hər kəs öz evində müəyyən qaydalara əməl edib enerjiyə maksimum qənaət etsə, bunun ümumilikdə böyük iqtisadi səmərəsi olar. Bu qaydalar isə demək olar ki, saysız-hesabsızdır.

Lazımsız istifadə. Ən sadə üsul istifadə olunmayan otaqlarda işıqları, boş-boşuna işləyən elektrik cihazlarını söndürməkdir. Uzunmüddətli evi tərk edərkən isə cihazların naqillərini rozetkalardan ayırmaq gərəkdir. Bu əməliyyat nəinki qənaət, həm də təhlükəsizlik baxımından çox önəmlidir.

Təmizlik. Evdə lüstrlər və elektrik lampalarının təmizliyi çox vacibdir. Onların üzərinə toplaşan çirk və ya toz qatı işıqlandırmanı xeyli zəiflədir. Pəncərə şüşələrinin təmizliyi də daim nəzarətdə olmalıdır. 

Unikal.org meslehetdir.com-a istinadən bildirir ki, çirkli şüşələr otağa düşən təbii işığın müəyyən hissəsini udur. Bu da gündüz vaxtı da mənzildə işıq yandırmaq məcburiyyəti yaradır.

Pərdələr. Hava işıqlı olanda zərurət olmadıqda pərdələri açıq, axşamlar isə evdən çıxan istiliyi qorumaq məqsədilə bağlı saxlamaq məsləhətdir.

Qənaətcil lampalar. Evdə qənaətcil lampalardan istifadə etmək sərfəlidir. Həm onların ömrü uzun olur, həm də enerjini az işlədir. Məsələn, lüminessensiyalı lampalar közərmə lampalarından fərqli olaraq 80%-ə qədər elektrik enerjisinə qənaət edir.

Texnikanın yerləşdirilməsi. Məişət texnikasını divara və yaxud istiyə, məsələn istilik batareyasına, qaz plitəsinə çox yaxın yerdə yerləşdirmək olmaz. Cihazların taxçaya qoyulması, işləyən zaman örtüklə örtülməsi də məsləhət deyil. Elektrik avadanlığı işləyən zaman özü istilik verdiyi üçün kənar istilik onun üçün çox zərərlidir. Bu zaman boğulma baş verir, cihaz daha çox enerji sərf etməyə başlayır. Xüsusən soyuducunun sərin yerdə olmasını təmin etmək vacibdir. Çünki, otaqda hərarət 30 dərəcə olarsa, cihazın sərf etdiyi enerji iki dəfə artır.

Kondisionerlərin istifadəsi. Kondisionerlərdən istifadə zamanı qapı-pəncərələri bağlı saxlamaq, onlardan hava sızan yerləri tutmaq gərəkdir.

Su qızdırıcıları. Binalarda ən çox enerji sərf edən qurğulardan biri də su qızdırıcılarıdır. Orta hesabla il ərzində evlərdə 1000 - 4000 kvts elektrik enerjisi su qızdırmağa sərf olunur. Enerji israfçılığına yol verməmək üçün su qızdırıcısını isti suyun istifadə edildiyi nöqtəyə daha yaxın olması məqsədəuyğundur. Məsafənin uzanması istiliyin azalması ilə şərtlənir. İsti suyun keçdiyi borunu izolə etməklə də istilik itkisinin qarşısını almaq olar. Suqızdırıcının isitmə dərəcəsini 60C-dən 50C-ə saldıqda su qızdırma xərci də 10% azalır.

Digər məişət texnikası. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynamsı da çox enerji aparır. Paltaryuyan maşını istismar edərkən onu normadan çox, eləcə də normadan az paltarla yüklədikdə 10-15%, maşının proqramı düzgün tənzimlənmədikdə isə 30% artıq enerji işlənir. Yuyulmuş paltarları durulayarkən soyuq sudan istifadə etmək, hava şəraiti yaxşı olduqda onları açıq havada qurutmaq daha səmərəlidir.

Kompüterlər. Demək olar ki, artıq hər evdə kompüter var. Onun düzgün köklənməsi, işlətdiyi enerjini 50% azalda bilər. Belə ki, kompüterlər enerjiyə qənaət rejimini dəstəkləyir, yəni bir neçə dəqiqə ərzində istifadə olunmursa, özü avtomatik gözləmə rejiminə keçir. İşlədilməyənə qədər "Stand-by" vəziyyətində qalır. Bu da saatlarla boş enerji sərfinin qarşısını alır.

Nəzarət. Sonda bir vacib məqamı da qeyd edək ki, evinizdə enerjiyə nə dərəcədə qənaət etdiyinizi bilmək istəyirsinizsə hər ay eyni gündə, eyni saatda elektrik sayğacınızdan göstəricini çıxarıb ötən ayların göstəriciləri ilə müqayisə edin. Azdırsa demək uğur var, çoxdursa səbəbini araşdırıb tapmaq və aradan qaldırılmasına çalışmaq lazımdır.

Beləliklə, görürük ki, yaşayış yerlərində, binalarda enerjiyə qənaət etmək üsulları olduqca çoxdur. Bu qaydalara əməl etməklə biz büdcəmizi, təbii sərvətlərimizi, ən əsası isə qoynunda məskən saldığımız, hələ ki, nazımızı çəkən ana təbiəti qoruya bilərik.