Qarabağ cəbhəsində atəşkəsin pozulması halları ənənəvi şəkildə davam edir. Hətta düşmənin həyasızlığı o həddə çatıb ki, baş verənlərə görə Azərbaycanı günahkar çıxartmağa çalışır, bununla bağlı "faktlar toplayıb beynəlxalq təşkilatlara ünvanlayır.

Ermənistanın media orqanlarında son günlər davamlı şəkildə Azərbaycan tərəfdən Ermənistanın mülki əhalisinin guya atəşə tutulması barədə saxta məlumatların əksini tapması da səbəbsiz deyil. Düşmən iddia edir ki, guya məhz Azərbaycan əsgərlərinin atəş açması səbəbindən Tavuş rayonu ərazisində hektarlarla ərazinin taxılı biçilməmiş qalıb. Heç şübhəsiz işğalçı ölkə bununla əlaqədar beynəlxalq təşkilatlara saxta "donos hazırlamaq üçün belə dezinformasiyaları tirajlayır. Digər tərəfdən, Alxanlıda 2 yaşlı qızcığazın və nənəsinin qətlinə görə lənətlənən Ermənistan tərəf yalançı iddialarla özünə bəraət qazandırmağa çalışır. Üstəlik, heç kim təminat verə bilməz ki, Ermənistan ənənəsinə uyğun şəkildə informasiya müharibəsinin, daha doğrusu, "preventiv tədbirlərin ardınca Azərbaycanın mülki əhalisini hədəfə almayacaq.

Ermənistanın həyasız davranışları isə çox təəssüf ki, dünya ictimaiyyətinin gözü önündə baş verir. Elə Ermənistanın baş naziri Karen Karapetyanın ötən həftə Qarabağa qanunsuz səfər edərək Azərbaycan torpaqlarında min oyundan çıxması işğalçı ölkənin islaholunmazlığından xəbər verir. Rəsmi Bakı hələ ki erməni baş nazirin bu davranışına rəsmi reaksiya verməyib. Ancaq XİN-dən aldığımız məlumata görə, məsələ araşdırılır və münasibət bildirilməsi istisna deyil.

Qəribəsi budur ki, Ermənistanın belə həssas dönəmdə kobud müdaxilələri və təxribatçı davranışları Minsk Qrupunun da diqqətindən "qaçdı. Heç olmasa, Rusiyadan bu məsələyə münasibət bildirilmədi. Bunun əvəzində isə Rusiya XİN-in sözçüsü növbəti danışıqların anonsunu verdi. "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında, həmçinin Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir. Bu yaxınlarda baş tutan Rusiya və Fransa xarici işlər nazirlərinin - Sergey Lavrov və Jan-İv le Drianın görüşündə Qarabağ münaqişəsinin müzakirə edilib-edilməməsi sualına cavab olaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi bu məsələnin ətraflı müzakirə olunmadığını bildirib. M.Zaxarova BMT Baş Assambleyası çərçivəsində aparılacaq Qarabağ müzakirələrindən də bəhs edib. Dediyinə görə, sessiya çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Hətta bu görüşdə prezidentlərin bir araya gətirilməsi imkanlarının götür-qoy edilməsi də gözləntilər sırasındadır. Lakin Ermənistanın davranışları görüşlə bağlı nikbinliyə yer qoymur.

Ola bilsin ki, Ermənistan və havadarları Bakını neytrallaşdırmaq üçün görüş məsələsini gündəmə gətiriblər. Məsələ burasındadır ki, Azərbaycan BMT Baş Assambleyasında öz maraqlarına uyğun sənədin qəbulunda israrlıdır. Belə ki, "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət və "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb. Amma məlumata görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib. Bildirilir ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. Qeyd edək ki, Baş Assambleyanın 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq.

Politoloq Hikmət Hacızadənin fikrincə, hələ ki Qarabağla bağlı ortada yeni plan yoxdur: "Sülh planı Rusiyanın planıdır. Həmin plana əsasən ermənilər 5 rayonu qaytarır və təmas xəttində Rusiyanin sülhməramlı" qüvvələri yerləşdirilir. Beləliklə, Qağlıq Qarabağ əbədi itirilir. Hələ ki plan budur".

Amma Ermənistanın təxribatçı hərəkətləri hansısa razılaşmanın əlamətlərindən xəbər vermir. Belə ki, ölkənin baş naziri həyasızcasına ölkəmizin ərazilərinə soxulur, Qarabağda dincəlir, burada zavodun təməlini qoyur, yol çəkilişinə rəhbərlik edir. Belə görünür İrəvan heç Rusiyanın hansısa planı ilə də razı deyil. Deməli, İrəvanda Rusiyaya qarşı çıxmağa cəsarət edirlər?
H.Hacızadə hesab edir ki, yox, İrəvanda Kremlin iradəsinə qarşı çıxmağa cəsarət etmirlər: "Hələ ki bu, bir teatrdır. Erməni bunu yaxşı bacarır.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəkləri ilə bağlı məsələ Məmmədyarovla Nalbəndyanın bu ilin iyul ayında Brüsseldə keçirdikləri görüşdən dərhal sonra ortaya çıxdı. Brüssel görüşünün nəticəsi uğurlu olsaydı, o zaman yəqin ki, dövlət başçılarının görüşünə hazırlıq görülərdi.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri "Yeni Müsavata açıqlamasında söylədi. Siyasi analitikin sözlərinə görə, indiki halda xarici işlər nazirlərinin görüşü tərəflər arasında diplomatik kanalların açıq olmasına xidmət edən bir durum kimi daha qabarıq nəzərə çarpır. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayevin "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş gedir və nəticəsi yaxın zamanlarda görünəcək fikirlərinə münasibət bildirən E.Mirzəbəyli bildirdi ki, hörmətli deputatın haqqında söz açdığı sənəd barədə məlumatlı deyil: "Əslində indi vacib olan məsələ sənəd deyil, Ermənistanın sülhə məcbur edilməsidir. ATƏT-in Minsk Qrupunun fəaliyyətə başladığı gündən biz münaqişənin həlli ilə bağlı çoxsaylı proseslərin və sənədlərin şahidi olmuşuq. Bizə ən müxtəlif adlar altında - Moskva, Paris, Praqa, Madrid proseslər və prinsiplər təqdim olunub. Amma nəticə hasil olmayıb. Şübhə etmirəm ki, hətta yeni bir ad altında təqdim olunan sənədin də nəticəsi olmayacaq. Əgər Ermənistana qarşı real təzyiqlər həyata keçməzsə...

Xatırladaq ki, deputat azvision.az-a bəzi anonslar edib: "Gördüyümüz odur ki, artıq vaxt tamamlanır. Ya görülən işlər daha böyük münaqişəyə səbəb olacaq, ya da həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ortada bir çox layihə var. Hansılar ki, öz bəhrəsini verə bilər. Ölkə prezidentinin şəxsi nüfuzunun dünya prezidentləri yanında yüksək olduğunu, Azərbaycanın bu məsələdə haqlı olduğunu bilirik. Ona görə də inanıram ki, Azərbaycanın yürütdüyü siyasət öz nəticəsini verməlidir. Dünyada gedən proseslər, Azərbaycanın mövqeyi, dünyaya xoş mesajlar verməsi məni bu əminliyə gətirir ki, qısa zamanda ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək. Bu da müqavilə çərçivəsində olacaq. Bu müqavilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar əsasında olacaq. Yəni bir daha qeyd edim ki, beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik. Bütün hallarda Azərbaycan ərazi bütövlüyünü təmin etməkdə israrlıdır və buna nail olacaq.

Politoloq İrəvanın Qərblə əməkdaşlığına cavab olaraq Rusiyanın işğalçı ölkəyə "dərs vermək üçün Azərbaycana şans tanıya biləcəyi haqda fikirlərə də şübhəli yanaşır: "Ermənistanın Qərblə yaxınlaşdığı barədə mülahizələrin isə heç bir əsası yoxdur. Moskva Ermənistanın erməni diasporu və lobbisi ilə münasibətlərinə heç vaxt sərt yanaşmayıb. Çünki bu, həm də Ermənistanın maliyyə qaynağıdır. Rusiya bəlli bir sərhədə qədər Ermənistanın Qərblə münasibətlərinə müdaxilə etmir və etməyəcək də. Çünki istədiyi an İrəvana dur" deyə və rejimin ipini rahatlıqla çəkə bilər. Vəziyyət həddindən artıq mürəkkəbdir. Görünən odur ki, Ermənistan da, onun ənənəvi himayəçisi də vaxt udmağa çalışır. Hər şey Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyindən, ardıcıl və davamlı olmasından, Qərbin Rusiya məsələsində nümayiş etdirdiyi mövqenin nə dərəcədə sabit və dayanıqlı olmasından asılıdır".

Politoloq baş nazir Karen Karapetyanın Qarabağda meydan sulaması ətrafında ajiotaj yaradılmasına da ehtiyac görmür: "Ermənistan rəsmilərinin işğal altında olan Azərbaycan torpaqlarına səfər etmələri, yaxud işğalçı ölkənin baş nazirinin Qarabağda dincəlməsi və digər bu kimi faktlar rəsmi İrəvanın təbliğat xarakterli addımlarıdır və bütün bunları hansısa yeni bir hadisənin anonsu kimi təqdim etmək doğru deyil.

Qeyd edək ki, Azərbaycan sentyabrın 25-də Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici işlər nazirlərinin görüşünə razılıq verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, görüşdən sonra həmsədrlər bəyanat verəcəklər. Zaxarova Amerikalı həmsədr Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret addımlar atmağın vacibliyi fikrini şərh edərkən deyib ki, münaqişənin həlli Rusiyanın da xarici siyasətinin prioritetlərindən biridir. Riçard Hoqlandın bəyanatını ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza da nikbin qiymətləndirir. Bildirir ki, Hoqlandın son bəyanatında yer alan, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin əsasını təşkil etməli olan prinsiplər ədalətli və məntiqlidir. Amma bu prinsiplərin gerçəkləşməsi, vasitəçilər də daxil olmaqla, danışıqlar prosesində müəyyən səylərin ortaya qoyulmasını tələb edir.


Riçard Hoqland açıqlamalarının birində ilk növbədə qoşunların təmas xəttindən snayperləri götürmək, müşahidə missiyasının sayını artırmaq və həmin ərazilərdə xüsusi qurğular yerləşdirməyin vacibliyini bildirib. Lakin CBC-nin siyasi icmalçısı Rəşad Davudun fikrincə, bu texniki vasitələr heç bir vəchlə münaqişə tərəflərini sülhə aparmır.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland son bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas prinsiplərdən söz açıb. Diplomat bildirib ki, məsələnin həlli ilə bağlı gücün tətbiq olunmaması, ərazilərin qaytarılması, Dağlıq Qarabağ regionunun statusu, həmçinin qaçqın və məcburi köçkünlərin qaytarılması məsələləri tərəflərin müzakirə edəcəyi hərtərəfli nizamlanmanın vacib elementləridir. Vasitəçi digər həmkarları ilə birgə yaxın zamanlarda prezidentlərin görüşünü və irəliləyişə aparan mahiyyətli danışıqları dəstəklədiyini vurğulayıb.

Çox güman ki, növbəti görüş, sadəcə, cəbhədə ağır silahların işə düşməməsi üçün planlaşdırılır. Ermənistan və onun havadarları anlayır ki, növbəti aprelsayağı döyüş bölgədə fəlakətli vəziyyət yarada bilər. Odur ki, nə yolla olursa-olsun bu ili ciddi itkilərsiz yola verməyə çalışırlar. Çünki 2018-ci il Ermənistan prezidenti Serj Sərkisyan üçün həm də ölüm-qalım ili olacaq. Sərkisyan prezidentlikdən baş nazirliyə ciddi itkilərsiz transfer eləmək niyyətindədir. Bu mənada Qarabağla bağlı Rusiya planının gerçəkləşməsi də yalnız Sərkisyanın öz kreslosunda möhkəmlənməsindən sonra işə düşə bilər.