Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 45 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org report-a istinadən xbər verir ki,  hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında P.Cəbrayılovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən qayıdan məhkəmə kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə Paşa Cəbrayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, qətl hadisəsi Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.
Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Z.Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Z.Rəhimova bundan əvvəl ailə qurub. Daha sonra ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb.

Paytaxtda tikintidə fəhləliklə məşğul olan və kirayədə yaşayan P.Cəbrayılov bir il əvvəl həmin qadınla kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb.

Hadisədən bir neçə gün əvvəl P.Cəbrayılov Z.Rəhimovun onunla münasibətlərinin başqa cür olmasını görüb. Gənc oğlan özündən yaşca böyük olan sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib. Bundan sonra qadın P.Cəbrayılovun anasını və nəslini söyüb. P.Cəbraylov qadına "sən yolunu azmısan, başqa kişi ilə münasibət qurmusan" deyərək onu boğub öldürüb.
Cinayəti törədən P.Cəbrayılov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə gələrək könüllü təslim olub. Törətdiyi əməli etiraf edən P.Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən P.Cəbrayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.