Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda toz dumanı ilə bağlı operativ iş rejiminə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 23-də səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 20 faiz, saat 12:00-da isə bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması ilə bağlıdır.