Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində "satılır elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb.

Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından "Reklam haqqında" qanunun tələbləri ona şamil oluna bilməz.

Unikal.org xəbər verir ki, "Yeni Müsavatın müxbiri mətbuatda gedən təndiqlər və müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxlayıb.

Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: "Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə "satılır sözünün yayılması niyə qadağan olunmalıdır ki?... Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm.