Yığma komanda və klublarımız son illər Avropa arenasında uğurlu çıxışı ilə bərabər ölkəmizdəki əcnəbi futbol klublarına da maraq artmaqdadır. Bu gün artıq Azərbaycanda Avropanın bir çox futbol komandalarının rəsmi fan klubları mövcuddur.

İtalyanın "İnter komandasının ölkəmizdəki azarkeşləri son illər uğursuz çıxışına baxmayaraq öz sevimli klublarından üz çevirmirlər. Onlar tez-tez bir yerə toplaşır, komandalarını birlikdə dəstəkləyirlər.

Bu yaxınlarda hətta "İnterin Azərbaycanda "INTER Club Azerbaijan" adlı rəsmi fan klubu da fəaliyyətə başlayıb. "INTER Club Azerbaijan"nın qurucularından olan Kamran Sadıqov Unikal.org-a müsahibəsində fanklubun fəaliyyətə başlaması ilə bağlı maraqlı məqamlardan danışıb.


-Kamran bəy, "İnterin Azərbaycanda fanklubunu yaratmaq ideyası necə meydana gəldi?

-Əvvəla onu qeyd edim ki, fanklubu tək yox, "İnter azarkeşləri ilə birlikdə yaratdıq. İşin İtaliya hissəsi ilə Nicat Namazov, Azərbaycan hissəsi ilə mən və digər "İnter azarkeşləri məşğul olur. Sosial media, maliyyə məsələləri və.s. kimi işlərin öhdəsində birgə gəldik.



-Bəs, rəsmiləşmə prosesi necə oldu?

-Altı ildən çoxdur ki, "Facebook sosial şəbəkəsində fəaliyyət göstəririk. Planla və səbrlə hərəkət etdik. Bu ilin ilk aylarından etibarən "İnterin demək olar bütün oyunlarını birlikdə izlədik. Azarkeş ordumuzun gücünü gördükdən sonra rəsmi qərar qəbul etməyin zamanı gəldiyini gördük və "İnterə müraciət ünvanladıq. Bizdən tələb olunanları yerinə yetirdikdən sonra "İnter bizi rəsmən tanıdı.

-Rəsmi fanklub olmağın nə kimi üstünlükləri var?

-Üstünlüklər çoxdur. "İnter rəsmi üzvlərinə üvlük kartı və müxtəlif hədiyyələr verir. Eyni zamanda klub rəsmi üzvlərini mövsüm ərzində iki oyuna pulsuz bilet, klub mağazalarında endirimlər və xüsusi tədbirlərdə iştirak hüququ ilə təmin edir. Bunlar üstünlüklərin yalnız bir qismidir.

-Rəsmi fanklubun fəaliyyəti nədən ibarətdir?

-"INTER Club Azerbaijan olaraq "İnterin oyunlarını bir yerdə, öz məkanımız olan "Black & Blueda izləyirik. Bundan başqa yığışıb futbol oynayır və müxtəlif tədbirlər keçirirərək qardaşlıq münasibətimizi daha da inkişaf etdiririk. Rəsmiyyət qazandıqdan sonra daha ciddi şəkildə fəaliyyət göstərməyə başlamışıq. Məsələn, yaxın gələcəkdə fanklubun üzvlük kartı olanların qatıla biləcəyi, İtaliyanın Azərbaycandakı səfriliyindən, mediadan və idman aləmindən xüsusi qonaqların iştirakı ilə Qala Gecəsi tədbiri nəzərdə tutmuşuq. Planlarımız arasında fanklub olaraq "İnterin oyununu Cüzeppe Meazza stadionunda izləmək də var. Bu plan üzərində işləyirik. Daha bir çox fərqli tədbir planımız var ki, addım-addım həyata keçiririk.

-"INTER Club Azərbaijanı yaratmaqda məqsədiniz nədir?



-"İnterin bir şüarı var - Dünya qardaşlığı. Dünyadakı bütün "İnter azarkeşləri bir-biri ilə qardaşdır. İstəklərimizdən biri Azərbaycandakı "İnter azarkeşi olan qardaşlarla tez-tez görüşlər keçirərək bir-birimizi yaxından tanımaq idi ki, buna nail olduq. Məqsədimiz "İnterin ölkəmizdəki populyarlığını daha da artırmaq, futbolla yeni tanış olmuş azyaşlı gənclərin idman, futbol, daha dəqiq desək "İnter ruhiyyəsi ilə böyüməyinə vasitəçi olmaqdır. Çünki, "İnter xüsusi komandadır.

-Niyə məhz İnter?

-"İnter azarkeşi olmaq üçün səbəb çoxdur. Bu kluba bağlanmaq üçün onun tarixinə, uğurlarına və dəyərlərinə nəzər yetirmək kifayətdir. "İnter daim çempionluğa oynayıb. Lakin son illər öz mövqeyindən uzaqlaşıb. Buna baxmayaraq "İnterə maraq çox artıb. Bunun nəticəsi olaraq azarkeşlərin köməyi və təşəbbüsü ilə bu fanklubu yaratmaq qərarına gəldik.

-Bəs Azərbaycan futbolu haqda nə düşünürsüz?

-Ölkə futbolumuzda olan inkişaf göz qabağındadır. Son illər yığma və klub səviyyəsində uğurlarımız çoxalıb. Xüsusən də "Qarabağın Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanmağı xalqımızın hər bir nüayəndəsi kimi, biz "İnter azarkeşlərini də sevincə boğdu. "INTER Club Azərbaijan olaraq "Qarabağımızı tribunada var gücümüzlə dəstəkləməyə çalışacağıq.



-Son olaraq "İnter azarkeşlərinə sözünüz...

-Sosial media həmkarlarım Ruslan Şirinov və Cavid Cavadzadə başda olmaqla möhtəşəm azarkeş ordumuzun hər bir üzvünü salamlayıram. Hələ də tanımadığımız "İnter azarkeşi varsa, çəkinmədən sıralarımıza qoşula bilər. Çünki biz Dünya qardaşlarıyıq.

Həsən Babayev