"Qarabağın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Çelsi ilə oyundan sonra mətbuat konfransında iştirak edib.

Qurban Qurbanov britaniyalı jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağı Azərbaycan Premyer Liqasında və Çempionlar Liqasında hansı yerdə görürsüz?

- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da əldə etdik.

- 2008-ci ildən "Qarabağın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandaya böyük uğur qazandırdınız...

- Dəyərli suala görə çox sağ olun. "Qarabağın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik. (azvision.az)