Azərbaycanda qiymətlər niyə artırılır? - CAVAB İSƏ ÇOX ÜZÜCÜDÜR

15 Sentyabr 2017 [11:37]


Son günlər Azərbaycanda dolların məzənnəsi manata nisbətən ucuzlaşmasına baxmayaraq ölkəmizdə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz artıb.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-un suallarını cavablandırıb.

-Vahid müəllim, son aylar ölkəmizdə xüsusi olaraq ərzaq məhsullarının qiymətinin bahalaşması nə ilə bağlıdır?

-Qiymətlərin artması obyektiv və subyektiv amillərlə bağlıdır. Obyektiv səbəb ondan ibarətdir ki, müəyyən məhsullar Avropadan gətirilir. Azərbaycanda avronun məzənnəsi manata nisbətən kifayyət qədər yüksək olduğundan gətirilən məhsulların qiymətinə müəyyən qədər öz təsirini göstərməkdədir. Digər tərəfdən, bunun subyektiv tərəflərinin olmasıda qaçılmazdır. Bazarda möhtəkirlər var. Onlar da indiki vəziyyətdən istifadə edib, öz aralarında danışıq aparıb qiymətləri qaldırırlar. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələyə ciddi müdaxiləsi qaçılmazıdır. Dövlət Xidməti mütəmadi olaraq monitorinqlər aparmalı və nəticələr barədə açıqlama verməlidir. Əgər, doğrudan da bazarda sövdələşmələrlə qiymət artımı gedirsə, buna şərait yaradan adamlar külli miqdarda cərimə olunmalı və Azərbaycan Qanunvericiliyinə uyğun cəzalandırılmalıdırlar. Hesab edirəm ki, qiymətlərin artımına nəzarət mexanizimi güclənməlidir.

-Uzun illərdir bu məsələni qabardan insanlardansınız. Bu möhtəkirliyə birdəfəlik necə son qoyula bilər?

-Mən bu barədə çox demişəm. Hesab edirəm ki, Rəqabət Məcəlləsini qəbul etməliyik. Bu qanun qəbul olunduqdan sonra bazarda bərabər hüquqlu sahibkarların üzə çıxması qaçılmaz olacaq. Hər bir sahibkar üçün uyğun şərait yaranacaq. Tədricən manapoliya və inhisarçılıq aradan qalxacaq. Fikrimcə Rəqabət Məcəlləsi müəyyən qədər bu məsələyə öz təsirini göstərəcək. Bir sözlə bu məsələlərlə bağlı ciddi mexanizim qurulmalı və bu iş həyata keçirilməlidir. Cənab prezident İlham Əliyev imzaladığı Strateji Yol Xəritəsində də bununla əlaqədar məsələ nəzərdə tutulub. Onsuzda bu məcəllə qəbul olunmalıdır.

-Sizcə Rəqabət Məcəlləsi qəbul olunan kimi bazarda möhtəkirliyin qarşısı alınacaqmı?

-Mən demirəm ki, bu məcəllədən sonra hər şey düzələcək. Amma bu qanunun işlənməsinə vaxt lazım olacaq. Hesab edirəm ki, bu məcəllənin qəbulu bazarda ciddi dönüş yaradacaq. Digər tərəfdən Azərbaycan Ümümdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağa hazırlaşır. Bu məcələnin qəbulu bizə lazım olacaq. ÜTT-yə üzvlikdən sonra bizim sərhədlərimiz açıq olacaq. İstənilən məhsulu gətirib-aparacağıq.

-Vahid müəllim, bir neçə gün öncə yumurtanın qiymətinin artması ilə bağlı məlumat dərc etdik. Hacıqabul yumurtası və ya digər yerli şirkətlərin yumurtası nəyə görə bahalaşmalıdır?

-Yumurta ola bilər xaricdən gətirilməsin. Amma yumurta istehsalı üçün istifadə olunan yemlər xaricdən də gətirilə bilər. Bunlardan əlavə bazarda möhtəkirlər də qiymət artımına gedir. Dövlət Xidməti fikrimcə bütün bu məsələlərin qarşısını almalıdır.

-Dolların yeni mövsümdən aqibəti necə olacaq?

-Azərbaycanda dolların kursu manata nisbətən qorunub saxlanılır. Dollarda bahalaşma getmir. Manat qorunub saxlanılır. Müəyyən qədər Avroda bahalaşma-ucuzlaşma gedir. Manatın qorunub saxlanılması daxili istehsalçılar üçün çox vacibdir. Çünki biz istehsalı artırıb, ixracı çoxaldırıq. Son 8-9 ayda ixrac idxalı üstələyib. Müsbət saldo yaranıb. Artıq Azərbaycan hər məhsulu idxal etmir.
Mərkəzi Bank pul kütləsinə nəzarəti çox gücləndirib. Hər yerə pul buraxılmır. Pul lazım olan sahələrə buraxılır. Bu çox böyük əhəmiyyət kəsb edir. Çünki pul nə qədər az dövriyyədə olarsa, infilyasiya bir o qədər az olar.

-Neftin hazırki qiyməti iqtisadiyyatımıza necə təsir edir?

-Dünya bazarında neftin qiyməti son vaxtlar artıb, azalsa da, hələlik 50-55 dollar səviyyəsində qalır. Bu da müyyən qədər müsbət təsir göstərir. Bütün bunlar nəzarətdə olduğu halda manatın müəyyən qədər təsir dairəsi kiçilir və valyutamız öz məzənnəsini qoruyub saxlaya bilir. Bütün bunların iki başı var. Mən hər zaman demişəm ki, biz çalışıb real sektoru inkişaf etdirməliyik. Bunun üçün vəsait xərcləmək lazımdır. Düzdür, hazırda Azərbaycanda müəyyən qədər vəsait qıtlığı var. Bunu bizimlə bərabər sahibkarlar da bilir. Ancaq manatın kursunun müəyyən qədər qorunub saxlanılması sahibkarlar və xalqımız üçün böyük əhəmiyyət kəsb edir.

-Dolların manata olan kursu nə vaxta qədər indiki vəziyyətdə qala bilər?

-Mənə elə gəlir ki, bu ilin sonuna qədər belə qalacaq. Hələlik ABŞ-ın dolları bahalaşdırma fikri yoxdur. Çünki onlar ixracı yenidən stimullaşdırmaq istəyirlər. Məqsədləri daxildə məhsulu daha ucuz istehsal edib, xaricə satmaqdır. Bu da onlar üçün vacibdir.

-Milli Məclisin payız sessiyası başlayır. Bu sessiyada hansı qanunların gündəmə gətirilib qəbul olunması gözlənilir?

-Hesablama Palatası haqqında birinci oxunuşda qanun layihəsini qəbul etmişik. Bu qurum Azərbaycanda yeganə yoxlayıcı ali nəzarət orqanıdır. Ona görə də biz palatanın səlahiyyətlərini artırırıq. İstəyirik ki, yoxlamalar bütün sahələri əhatə etsin. Çünki Palatanın qəbul etdiyi qərarlar çox ciddi olacaq. Hesab edirəm ki, Hesablama Palatası haqqında qanun bu ilin payız sessiyasında qəbul ediləcək.
Bundan sonra "Kabel təsərrüfatı haqqında” qanun layihəsi var. Bu birinci oxunuşdan keçib. Payız sessiyasında onu da qəbul etməliyik. Çünki kabel televiziyası ilə bağlı problemlər həddən artıq çoxdur. Ona görə də bu qanun layihəsinin qəbulu vacibdir.
2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi də bu ilin payız sessiyasında müzakirəyəyə qoyulub qəbul ediləcəyi gözlənilir. Həmin qanunu bu il qəbul etməliyik ki, 2018-ci ildə qurumlar normal çalışa bilsinlər. Qanunlara dəyişikliklər çoxdur. Bu günkü iclasda 30-a yaxın qanuna dəyişikliklərlə bağlı məsələ müzakirə olunacaq. Mənim, Əli Mənsimli ilə birlikdə hazırlayıb təqdim etdiyimiz "Təhsil kreditləri ilə bağlı qanun” layihəsi var. Bu qanun layihəsi barədə biz müzakirə aparacağıq.




Amid Əyyuboğlu







SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM