Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan parlamentinin rəsmi "Facebook səhifəsində məlumat qeyd edilib.
Xatırladaq ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək "Avronest Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.
Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.