"Federasiyaya problem olmasın deyə videoları sildirdilər" - Beli sınan atletin MÜSAHİBƏSİ (VİDEO-FOTOLAR)

22 Sentyabr 2017 [12:58]


Gənc yaşlarında ağır atletika üzrə bir çox uğurlara imza atmış, yeniyetmələr arasında Avropa Birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmiş Rüstəm İmanzadə Unikal.org-un redaksiyasının qonağı olub.

Qeyd edək ki, Sinkleyr cədvəli üzrə Avropa birinciliyinin ən yaxşı idmançısı (2014) seçilmiş gənc atlet R.İmanzadə Azərbaycan Ağır Atletika Federasiyasiyasındakıların verdiyi səhv qərar ucbatından 3 ildir ki, yerimə qabiliyyətini itirib.

O saytımıza müsahibəsində bu məslədə günahkar bildiyi şəxslərdən danışıb.


- Rüstəm bəy, yerimə qabiliyyətinizdə yaranan problemlə bağlı federasiyada kimi günahkar sayırsınız?

- Mənim problemimlə bağlı federasiyadakıların hamısı günahkardır. İndi anlayıram ki, bir idmançını ard-arda iki dəfə yarışa aparmaq düzgün deyil. Biz ağırlıq qaldıranlarıq. Hər gün məşqlərdə ən azı 10 tona yaxın ağırlıq qaldırırıq. Çox güc sərf edirik. Üç həftə ərzində iki yarışa getmək idmançı üçün çox çətin və olduqca ziyanlıdır. Qolumdan da zədəli idim. 2012-ci ilin dünya çempionatında qolum qırılmışdı. Əslindəisə yarışların heç biri mənə aid deyildi. Çünki mən həmin vaxt yeniyetmə idim. Birinci kişilər, sonra da gənclər arasında keçirilən yarışa qatıldım.

- Şəxsi məşqçiniz Anar Qasımov üç həftə ərzində 2 yarışa qatılmağınıza etiraz etmədi?

- Hər kəs etiraz edirdi. Amma idmançını bir məsələ ilə qorxudanda nəticəsi olur. Deyirlər ki, maaşınızı kəsəcəyik, yarışlara aparmayacağıq. Biz də dediklərini etmək məcburiyyətindəyik. İdmançıyıq və pulumuz oradan çıxır.
Gənclər arasında birdən qaldırmada Avropa üçüncüsü oldum. O zaman mənim 16 yaşım vardı.


- Bu hadisə baş verən zaman daha çox kimi günahlandırdınız?

- Ən birinci federasiya üzvlərini... Elə hamını günahkar bildim. Onlar mənə göstəriş verməli idilər. Federasiyadakıların dediklərini etmək məcburiyyətində idik. Həmin şəxslər bizə deməliydi ki, "getmə, məsləhət deyil”.
O zaman məşqçilər Nizami Paşayev, Xanlar Nəbiyev, Hafiz Süleymanov, baş məşqçi isə macarıstanlı Tomaş Feher idi.


- Bu hadisədən sonra kimlər sizinlə maraqlandı?

- Federasiyadan bəzi şəxslər maraqlandı. Onlar da cəmi 5-6 ay. Ondan sonra axtaran olmadı. Ağır Atletika Federasiyasının viste-prezidenti, baş məşqçisi Tofiq Heydərovdan başqa heç kimə maraqlı deyildim. Ondan başqa heç kim, yadına da salmır. Qazanırsansa, çoxlarına lazımsan, qazanmırsansa, heç kimə lazım deyilsən.


- Heç kim etiraz etmədi ki, bu dəfə Rüstəmi yox başqa birini yarışa çıxaraq?

- O zaman demək olar ki, idmançı yox idi. Məcburiyyət qarşısında qalıb məni apardılar. 62 kq çəki dərəcəsində, həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında ən güclü olduğum üçün məni seçdilər.

- Hadisə baş verən anı necə xatırlayırsız? İstər ağrıları, istər yıxılmağınızı...

- Hər şeyi hiss edirdim. Hadisə baş verən andan sona kimi hər şey yaddaşımdadır. Dərhal həkimə aparıldım. Ən böyük səhvləri isə mənim əməliyyatım üçün imza atmamaları oldu. Bizim məşqçilərdən heç kim həkimlərin təqdim etdiyi sənədləri imzalamağı üzərinə götürmürdü. Həmin vaxt mənim18 yaşım tamam deyildi. Buna görə də əməliyyat olunmağım üçün lazımı sənədlərə imza atmağı heç kim risk etmədi. Vaxtında qol çəksəydilər, əməliyyat olunsaydim indi yeriyirdim, idmanıma qayıtmışdım. Sağalmağım belə gecikməzdi, məşqlərimə də başlayardım.

- Yəni, yenidən ayaq üstə qalxmağınızın belə uzanmasınında günahkar o məşqçilərdi?

- Bəli, elədir.

- Yarışda zədələndiyiniz anın görüntülərinin çoxu silinmişdi. Buna səbəb nə idi? Sadəcə bir görüntü qalıb, onu da təsadüfən tapıb yüklədik.

- Çünki bu Azərbaycan Ağır Atletika Federasiyasına ləkə idi. Onlar üçün problem olardı. Bir idmançını ard-arda iki yarışa aparırlar, üstəlik də özündən böyüklərlə...


- Tofiq müəllimdən başqa heç kim köməklik etmədi, maraqlanmadı dediniz.

 
- Bəli heç kim. Tofiq müəllim mənim hər bir işimdə köməklik edir. Hazırda yaşadığım 2 otaqlı evi də mənə o verib.


-Həmin evdə ailənizlə birlikdə qalırsız?

- Ailəm rayonda qalır, mən burada tək yaşayıram. Amma arada gəlib qalırlar mənimlə. Müalicələrim, müayinələrim davam edir deyə, burada qalıram. Artıq 2 il yarımdır müalicə olunuram.


- Federasiyanın prezidenti Cahangir Əsgərov sizə heç bir maddi yardım göstərməyib?

- Xeyr. Heç bir köməklik olmadı. İlk 6 ay köməklik göstərdilər. Sonra heç bir yardımı olmadı. Tofiq müəllim özü dedi "hər şeyi özüm həll edəcəm, narahat olma”... Onun da maddi durumu yaxşı olmadığı zaman, müalicələrim azalır.


- Sizin üçün avtomobil ayırılıb?

- Maşınlar var, istədiyimiz zaman istədiyimiz yerə aparırlar.


- Müalicəniz harada aparılır?

- Bir ay olar əməliyyatdan gəlmişəm. Həkim deyib ki, 3-6 ay ərzində səndə yaxşı inkişaf getməlidir. Yəni tamam sağalmaq şansım çox böyükdür. Sadəcə, bunun üçün güclü proseslər lazımdır. Bu da Azərbaycanda mümkün deyil. Müayinə və müalicəm Almaniyada davam etdirilməlidir. Bunun üçün də yüksək məbləğ tələb olunur.

- Buna da maddi imkanız yoxdur…

- Cahangir müəllim istəsə mənə yardım edə bilər. Ancaq etmir.


- Ümumiyyətlə bu hadisə baş verərkən Cahangir Əsgərov özü zəng vurub maraqlandımı ?

- Xeyir. Heç bir zəng və maraqlanmaq olmadı.

- Əmək haqqı da almırsınız?

- Ayda 300 manat maaşım ödənilir. Düzdür, bəzən azalma olur, amma yenə də maaşı ödəyirlər. Bundan əlavə Tofiq müəllim özü mənə ayrıca maaş verir.

- Sizin bu durumunuzla bağlı Tofiq Hedrov federasiyanın prezidenti Cahangir Əsgərovdan kömək istəməyib?

- Bu barədə məlumatsızam. Mənə heç nə deyilmir. Səbəbini özüm də bilmirəm. Tofiq Heydərov özü mənə deyib ki, "narahat olma, hər şeyi özüm edəcəm”.

- Hazırda federasiyanın, millinin durumundan xəbərdarsınızmı?

- Demək olar ki, milli komanda yoxdur. Çünki, dərmansız belə bir yükün altına girmək, bu idmanla məşğul olmaq çətindir.

- Federasiyada istər əvvəllər, istərsə də sonralar bəzi idmançılara və məşqçilərə "danışma” əmri verilmişdi. Bəs sizə qarşı necə?

- Xeyr, mənə heç nə deyilməyib. Mən özüm də belə bir şeydən çəkinməmişəm. Nə vaxt lazım olub, mətbuata açıqlama vemişəm.

- Tamam sağaldıqdan sonra idmana qayıtmağı düşünürsünüzmü?

- Bəli, fikrim budur. Əsas məqsədim tez bir zamanda sağalıb idmana qayıtmaqdır.

- Ağırlıq qaldıranların yarışını izləyəndə hansı hissləri keçirirsiniz?

- Özümə çox heyfim gəlir. Məşqçilər məni qorusaydılar bu gün məni saxlamaq olmazdı. Bütün yarışlarda – Dünya, Avropa, Olimpiya, İslam oyunlarında nəticə verə bilərdim. Rahat şəkildə beynəlxalq yarışlarda çempion olardım. Bundan sonra qayıtsam çətin ola bilər. Amma ən azından içimdə rahatlıq taparam ki, idmana qayıda bildim. Sağaldıqdan sonra uzun müddət idmanda qalmayacağımı bilsəm də istəyirəm ki, bu sahədə öz damğamı vurum. Bunu bacardığımı göstərim.

- Hadisənin yaşandığı anın görüntülərini izləmisiniz?

- Özüm bir ildən sonra izləmişəm. O vaxta qədər izləməmişdim. İzlədiyim zaman "kaş ki, o günə qayıtsa idim həmin ağırlığı qaldırmasaydım”- deyə düşündüyüm vaxtlar da olur.

- Sizcə, niyə federasiyanın keçmiş baş katibi Yavər Hacıyev, icraçı direktoru İsgəndər Əsgərov və o vaxt qurumda çalışanlar susmağa üstünlük verdilər?

- İsgəndər müəllim bu hadisədən əvvəl istefa vermişdi. Mənim başıma gələn olaydan əvvəl bəzi idmançılar dopinqə görə problem yaşamışdı. Bundan sonra o, postunu tərk etdi. Amma, Yavər müəllim və digərləri federasiyada idilər. "Sənə kömək edəcəyik” dedilər, amma etmədilər.

- Durumunuzla bağlı Gənclər və İdman Nazirliyinə müraciət olunubmu?

- Bəlkə də Azad Rəhimovun məsələdən xəbəri yoxdur. İdmana aid bütün qurumlara müraciət olunub. Mənim adımdan hər şey yazılıb, məktub ünvanlanıb. Amma heç bir köməklik dəyməyib.

- Ailəniz sizin belə vəziyyətə düşmənizlə bağlı nə deyir?

- Təbii ki, pis olurlar. Amma mən onlara başa salmışam ki, bu idman həyatıdır. Peşəkar idmançının başına hər şey gələ bilər. Ölümə belə hazır olmalısan. İdmana qayıtmağımla bağlı deyirlər "təki sağal, qayıt”.

- İdmandan başqa planlarınız armı?

- Türkiyədə olanda təkliflər var idi. Filmə çəkilməklə bağlı təkliflər almışdım. Gələcəkdə bu reallaşa bilər.

- Federasiyadakı vəziyyət düzələ bilərmi?

- Mənc,ə Tofiq Heydərov varkən düzəlmə ehtimalı çoxdur. O olmasa çətin ki, düzəlsin.



Aygün İlqarqızı


FOTOQALERIYA












SON XƏBƏRLƏR davamı
2017-11-18
2017-11-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)