Oktyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə Litvanın Klaypeda şəhərində keçirilən güləş üzrə hərbçilərin 32-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Hərbi idmançılarımızın çempionatda çıxışını yüksək qiymətləndirən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əldə olunmuş uğur münasibəti ilə idmançılara, məşqçilərə və mütəxəssislərə Müdafiə nazirinin təbriklərini çatdırıb.

Ölkəmizin dünyanın aparıcı idman dövlətləri sırasında olduğunu qeyd edən general-leytenant N.Osmanov bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.

Sonra çempionatda yüksək nəticələr göstərmiş idmançılar və məşqçilər Müdafiə Nazirliyinin rəhbərliyi adından təltif edilərək qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, sentyabrın 18-dan 25-dək Litva Respublikasının Klaypeda şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 32-ci dünya çempionatında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma növləri üzrə komandaları təmsil ediblər.

4 qitədən, 22 ölkədən, 320-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri 1 qızıl, 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.

Ümumi komanda hesabında sərbəst güləş üzrə üçüncü yerə çıxan komandamız çempionatın kubokuna layiq görülüb.