Siyasi elmlər üzrə fransalı tədqiqatçı Sebastian Busua (Sébastien Boussois) "Dağlıq Qarabağın işğalı: Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllini axtarır başlıqlı məqalə ilə çıxış edib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, müəllif qeyd edir ki, dünyanın heç bir dövləti Dağlıq Qarabağın müstəqilliyini tanımır. Azərbaycan isə öz növbəsində regional inteqrasiya və regionun güclü dövlətləri ilə stabil münasibətlər qurmaq, öz diplomatiyasını qonşu dövlətlərlə uzlaşdırmaqla münaqişənin sülh yolu ilə həllinə çalışır. Erməni diasporasının təbliğatının uzun müddətdir davam etdiyini vurğulayan müəllif, hazırda vəziyyətin Azərbaycanın xeyrinə getdikcə dəyişdiyini qeyd edir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələrinin tələblərini xatırladan tədqiqatçı, erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirir. O, münaqişə nəticəsində Azərbaycana 800 milyard manatdan artıq ziyan dəydiyini də yada salır.

S.Busua Fransa prezidentləri Nikola Sarkozi və Fransua Ollandın Azərbaycana səfərləri və səsləndirdikləri bəyanatları xatırladır, Bakıdakı Fransız liseyinin açılışında Fransua Ollandın səsləndirdiyi kimi iki ölkə arasında tarixi bağların olduğuna diqqəti çəkir.

O, Qarabağın tarixinə ətraflı nəzər salır, regionun tarixən Azərbaycana məxsusluğunu göstərir, Ermənistan qoşunları tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda qətliam törədildiyini, 600-dən artıq günahsız insanın öldürüldüyünü qeyd edir: "Atəşkəsdən sonra Ermənistan hələ də o torpaqlardadır, Azərbaycan isə dağıdılıb, on minlərlə insan öldürülüb, 789 min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb.

Müəllif Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal edə bilməsinin səbəbləri kimi qonşu dövlətlərin bu məsələdə marağı və dəstəyini qabardır, 90-cı illərin əvvəlləri ilə bu günü müqayisə edir: "Bu gün vəziyyət tam fərqlidir, Azərbaycan qüdrətli və varlı ölkəyə çevrilib. Diaspordan başqa heç nəyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan güclü dövlətdir, enerji təhlükəsizliyini təmin edib və torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır".