Prezidentin bu sərəncamı Nazirlər Kabinetində müzakirə edildi

12 Oktyabr 2017 [15:18]


Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2017-ci il 9 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb. Sərəncamdan irəli gələn əsas məsələlərdən biri kimi, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin davam etdirilməsi tövsiyə edilib.

Əli Əhmədov qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı xeyli sayda fakt aşkarlanaraq aradan qaldırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.
Müzakirələrdə yeni iş yerlərinin yaradılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məsələlərinin prioritet olduğu vurğulanıb. Həmçinin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən bu istiqamətdə lazımi işlər görülür. Bundan başqa, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.

Sonda "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn məsələlərə ciddi nəzarət edilməsi məqsədilə xüsusi icraya nəzarət mexanizminin yaradılması, iş qrafikin müəyyənləşdirilməsi, hər 3 aydan bir komissiyanın iclasının keçirilməsi ilə bağlı razılığa gəlinib.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.









SON XƏBƏRLƏR davamı
2017-12-16
2017-12-15










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.73%)
Xeyir (91.27%)