Müəllifindən başqa milyonların oxuduğu "BÖYÜK KİTAB" - "KİÇİK TORPAQ"

14 Oktyabr 2017 [22:23]


Leonid İliçin sonuncu ali mükafatlarından sonra Kremldə narahatlıq yaranmağa başlayır. Bütün fəxri adları, rütbələri almış Brejnevi sevindirmək üçün daha nə etməli? Baş katibi hansı mükafatla ovundurmalı, əyləndirməli? Vəziyyət Kreml məmurlarını əməlli-başlı çətinliyə salır. Nəhayət, Konstantin Çernenko vəziyyətdən çıxış yolu tapır - Brejnevi yeni kitabların müəllifi etmək, bu sahədə ona populyarlıq qazandırmaq, məşhurlaşdırmaq...

Unikal.org modern.az-a  istinadən mövzu ilə bağlı yazını təqdim edir.

Təbii ki, belə təklif Brejnevin ürəyincə olur. Çernenkonun "ideya”sı Baş katibin xoşuna gəlir. Hətta buna görə Leonid İliç Çernenkonun "tapıntısı”nı cavabsız qoymur, onu Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə keçirir.

"Politbüro”nun xeyir-duasından sonra kitabın kimlər tərəfindən hazırlanması məsələsi gündəmə gəlir. Bu iş ölkənin tanınmış və bacarıqlı bir neçə jurnalistinə tapşırılır. "Kiçik torpaq” kitabını "İzvestiya” qəzetində çalışan publisist Arkadi Saxnin yazır, "Dirçəliş” tanınmış jurnalist Anatoli Aqronovskinin qələmindən çıxır, "Xam torpaq” isə "Pravda” qəzetinin aparıcı müxbiri Aleksandr Murzinin məhsulu olur. Kitabların hazırlanmasına ümumi rəhbərlik SİTA-nın baş direktoru Leonid Zamyatin və onun birinci müavini Vitali İqnatenkoya həvalə olunur.

Qısa müddət ərzində yazılmış bu üç kitab hərəsi ayrı-ayrılıqda 15 milyon tirajla çap olunur. Kitabların öyrənilməsi məktəb proqramlarına salınır. Ayrı-ayrı mətbu orqanlarda cap edilir, radio vasitəsi ilə səsləndirilir. Trilogiya tərcümə olunaraq dünyanın 120 olkəsinin milli kitabxanalarına paylanır. SSRİ-nin demək olar ki, bütün müəssisə və təşkilatlarında kitabların müzakirəsi aparılır. Brejnev bu kitablara şəxsi imzasını ataraq böyük fəxrlə onları ölkəyə gələn mötəbər qonaqlara hədiyyə edir. Kütləvi İnformasiya vasitələrində Baş katibin yaradıcılıq uğurları haqqında geniş yazılar dərc olunur. Bir sözlə SSRİ həmin dövrdə Leonid İliçin yaradıcılıq ab-havası ilə yaşayır.

1980-ci ilin aprel ayında Brejnev "müəllif”i olduğu trilogiyaya görə Lenin mükafatına layiq görülür. Ancaq bu hələ harasıdır, o həmin dövr üçün ağılasığmaz bir məbləğdə, 180 min rubl qonorar da alır.

Brejnevin əsərləri sovet ideologiyası sayəsində populyarlıq qazanmaqla yanaşı, yeni lətifələrin yaranmasına da səbəb olur. Əlbəttə, çoxları yaxşı bilirdilər ki, Leonid İliçin bu kitabların bir sətirindən belə xəbəri yoxdur və beləliklə də el arasında gəzən söz-söhbətlər lətifələrə çevrilir. Onlardan birini xatırlamaq yerinə düşər:

"Kremldə Brejnevin trilogiyasının təqdimat mərasimi keçirilir. Natiqlər uzun-uzadı Leonid İliçin tükənməz yaradıcılıq imkanlarından, müəllifi olduğu kitabların əvəzsiz yaradıcılıq məhsulu olmağından geninə-boluna təriflər yağdırırlar. Təriflərdən xoşhallanan Brejnev, nəhayət, təəcübünü gizlədə bilməyərək yanında əyləşən Çernenkodan pıçıltı ilə soruşur:

- Konstantin Ustinoviç, doğurdanmı bu kitablar belə dəyərlidir?

- Əlbəttə, Leonid İliç.

- Onda gərək mən də oxuyum...”

Brejnev trilogiyasının kimlər tərəfindən yazıldığı bir müddət sirr saxlanılsa da, müəlliflər sonradan məlum olub. O da məlum olub ki, Brejnev kitabın əziyyətini çəkənlərə bir rubl da olsa zəhmət haqqı, qonorar verməyib və yaxud bu haqda göstərişi olmayıb. Qonorar əvəzinə Aleksandr Murzin "Xalqlar dostluğu”, Arkadi Saxnin isə "Oktybr inqlabı” ordeni ilə təltif olunublar.

Müəlliflərdən biri bu münasibəti haqsızlıq kimi qəbul edərək xatirələrində yazıb: "Biz həmin dövr üçün tələb olunan əsərləri lazımi səviyyədə hazırlamışdıq. Sözsüz ki, bu işə kifayət qədər zəhmət sərf etmişdik. Çoxları elə bilirdi ki, kitablara görə bizə Moskvanın mərkəzində mənzil və "Volqa” avtomobili veriblər. Amma heç də belə deyil. Heç bir mənzildən və avtomobildən söhbət gedə bilməz. Halal qonorarımızı verməyəndən sonra hansı hədiyyələrdən danışmaq olar?”.

Brejnevin trilogiyası ilə bağlı meydana çıxan ən maraqlı sual isə odur ki, görəsən Leonid İliç özü o kitabları oxumuşdumu? Kitabın əsl müəlliflərindən biri bu sualı bir sözlə cavablandırıb: "İnanmıram”










SON XƏBƏRLƏR davamı
2017-11-18
2017-11-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)